“Gənclərin imtahanöncəsi psixoloji hazırlıqlarının olması vacibdir” - RƏYLƏR
Günümüzün reallığında rastlaşdığımız arzuolunmaz hallardan biri də imtahanlardan sonra bəzi uşaqların depressiyaya məruz qalmaları, hətta özlərinə xəsarətlər yetirmələri hallarının olmasıdır. Psixoloqlar isə uşaqların imtahanlar öncəsi psixoloji müayinədən keçmələrinin vacibliyini söyləyirlər. Psixoloq Ayşən Bayramova bizimlə söhbətində bildirdi ki, şəxsin bilik və bacarıqlarını müxtəlif üsullarla dəyərləndirən imtahan, abituriyentlər və valideynləri üçün gələcək həyatın keyfiyyətini müəyyən edən faktor kimi dəyərləndirilə bilir.
- Qeyri-müəyyən olan imtahan prosesi, təşviş, diqqət dağınıqlığı, məlumatı xatırlama və sistemləşdirmədə çətinlik, dərs çalışmaqdan qaçınmalar səbəbilə aşağı performansla da nəticələnə bilir. Ümumiyyətlə, imtahandan danışarkən imtahanöncəsi, imtahan zamanı və imtahandan sonranı əhatə edən üç mərhələ diqqətə alınmalıdır. Təəssüf ki, imtahan öncəsi və imtahan zamanı mərhələsi abituriyentin valideynləri və yaxınları tərəfindən diqqətə alınsa da, imtahandan sonrakı dövr gözardı edilə bilir.
Belə ki, hər kəs üçün uğurla nəticələnməyən imtahan prosesi, ümidsizlik və çarəsizlik duyğuları, özünü günahlandırma, yetərsizlik düşüncələri ilə onsuz da stressli və ağır dövrdən keçmiş abituriyentin psixoloji vəziyyətinə mənfi təsirini göstərə bilir. Özüylə bağlı davam edən xəyal qırıqlığı və “niyə daha yaxşı edə bilmədim?” düşüncələriylə zehni məşğul olan abituriyent, depressiv əhval-ruhiyyə, qəzəb partlamaları yaşaya bilər.İmtahanı bilik və bacarıqların dəyərləndirilməsi kimi yox, şəxsiyyətinin dəyərləndirilməsi kimi qəbul edərək bacarıqsızam, mən bir heçəm, ailəmin üzünü qara çıxardım, mənim haqqımda axmaq deyə fikirləşirlər düşüncələri ilə nəticəni fəlakətləşdirməyə başlaya bilər. Bütün bunların fonunda özügüvənin, özünü qiymətləndirmənin, özünə hörmətin aşağı düşməsi, depressiv pozuntu yarada bilər.
Bu çətin dövrdə yeniyetməyə sosial dəstəyin göstərilməsi şərtdir. Öz dəstəyini, övladını uğuruna görə yox var olduğu üçün sevildiyini hiss etdirən ailə, bu dövrün öhtəsindən gəlməkdə abituriyentə kömək olacaqdır. Mütəxəssis dəstəyi ilə imtahana psixoloji hazırlıq isə xətalı və çarpıq düşüncələri sağlam düşüncələrlə əvəz etməyə yardım edəcəkdir. Çünki İmtahanın özü və nəticəsiylə bağlı həm abituriyentin həm də ailənin düşüncələri gerçəyə uyğun və sağlam olarsa ortaya çıxan nəticə də sağlam olacaqdır.
Psixoloq Təhminə Çələbi isə qeyd etdi ki, tələbələrin biliklərinin artırılması üçün imtahana ehtiyac duyulduğu kimi, psixoloji baxımdan da imtahana hazırlıqların olması şərtdir.
- Bəzən həyəcan, valideynlərin, müəllimlərin istəmədən bilmədən uşaqların üzərinə yüklədiyi gözləntilər həddindən artıq çox olur. Dövlət imtahanlarında yüksək bal toplaya bilmədiklərindən depressiyaya düşən uşaqların sağlamlığının bərpa olunması üçün hansı işlərin görülməsinin vacibliyini qeyd edərkən bildirib. Onun sözlərinə görə, müəllimlərin nəzarəti, valideyinlərin tələbi qarşısında uşaqlar əzilməyə başlayırlar: “Onların da ən böyük kabusuna və qorxusuna çevrilir ki birdən gözləntiləri doğrultmasam nə olacaq? Əslində isə, uşaqların imtahanlara hazırlıqları onların gələcəkdə istədikləri peşəyə sahib olması ilə əlaqədardır. Yəni mən universiteti nə üçün istəyirəm? Mən hansısa seçdiyim bir peşəyə sahib olmaq istəyirəmmi? Burada ilk olaraq düşüncələr çox önəmlidir. Bu kimi məsələlərdə valideynlərində üzərinə böyük yük düşür: “Valideynlər uşaqlarını sərbəst buraxmalı onlara qarşı təhdid, vicdan əzabı çəkən sözlər işlətməməlidirlər. Dəfələrlə abituriyentlərlə və onların ailəsi ilə işlədiyim zaman bu kimi cümlələri çox eşidirik məsələn, “haqqımı sənə halal etmərəm”, “varımı-yoxumu qoyub səni müəllim yanına göndərmişəm” və s. kimi ittihamlar səsləndirilir. Əlbəttə ki, valideynlər bilmədən və istəmədən bu səhvləri buraxırlar. Çünki valideynlər də gözəl nəticə əldə etmək istəyirlər. Ümumiyyətlə, tələbələrin, abituriyentlərin özünə verdiyi sual belə olmaldır, mən bu imtahana nə üçün girirəm? Bu imtahandan gözləntilərim nələrdir? Hər bir halda hazırlıq şəkildə imtahana girmək lazımdır. Bir də ki, əgər imtahandan yığdığımız bal yetərli deyilsə o zaman özünə sual vermək lazımdır, həqiqətənmi mən doğru yerdəyəm? Həqiqətənmi mən doğru yerə müraciət etmişəm? Həqiqətənmi mən əlimdən gələn hər şeyi etdim və alınmadı? Bu üç suala abituriyentlər özləri cavab verməlidir. Ailə isə təbii ki, onlarla danışıb bilməlidir ki, həqiqətən hər bir şey yaxşılığa doğrudur. Bir daha peşə seçimini gözdən keçirib, yenidən ruhdan düşmədən, həvəslə öncələr buraxdığı səhvlərin üzərində işləyərək növbəti ilin imtahanlarına hazırlaşmalıdır. Bu digər ölkələrdə belə deyil. Yəni, insanlar həqiqətən nə istədiyini bildiyi an gedib universitetdə təhsil alır. Təhsil almaq heç vaxt gec deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB