AZAL prezidentinin işdən çıxarılması bilet qiymətlərinə necə təsir edə bilər? - İQTİSADÇI EKSPERT AÇIQLADI
Məlumdur ki, bir neçə gün öncə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib. Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdi. Əsgərov 1 may 2008-ci il tarixində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilmişdi. Bəs, AZAL prezidentinin işdən azad ediləsi bilet qiymətlərinə necə təsir edə bilər? Mövzu ilə bağlı SİA iqtisadçı-ekspert Ruslan Atakişiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, ilk olaraq diqqət yetirmək lazımdır ki, bu günə kimi AZAL-da bilet qiymətlərinin formalaşması haradan qaynaqlanırdı: "Əgər Cahangir Əsgərovun işdən azad edilməsi ilə bilet qiymətləri ucuzlaşırsa, deməli, qiymətlərin yüksək olması birbaşa həmin şəxsin təşəbbüsü ilə baş tuturdu. Burada subyektiv amillərlə yanaşı, obyektiv amillər də var. Bu da onunla bağlıdır ki, AZAL bazarda əsas inhisarçı qurumdur. İnhisarçı qurum da mütləq ki, qiymətlərini daha da artırmaqda maraqlı olurlar.
Ona görə də hesab edirəm ki, bazarda oyunçuların sayının artırılması və ümumiyyətlə, AZAL-ın gələcəkdə qismən də olsa özəl sektora bir hissəsinin satılması orada qiymətlərdə enişin keyfiyyətinə təsir göstərə bilər. Bu baxımdan da, sırf Cahangir Əsgərovun işdən azad edilməsi ilə qiymətin yüksək olmasını bütünlükdə subyektiv amillərlə bağlamaq istəməzdik. Amma bu günləri AZAL-da sturuktur dəyişiklikləri aparılır və rəhbər şəxs işdən azad olunursa, istər-istəməz işə yeni təyin olunan şəxslə bağlı cəmiyyətdə gözləntilər var. Bu gözləntiləri qarşılamaq üçün AZAL-da xidmətin keyfiyyətinin artırılması, həm də qiymət baxımından müxtəlif islahatlar aparılacaq.
Hesab edirəm ki, qiymətlərin ucuzlaşdırılması məsələsi nəzərdən keçirilə bilər. Çünki yeni təyinat yeni imici formalaşdırmaqda maraqlı olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB