“Modifikasiya olunmuş məhsullar hibrid adı ilə ölkəmizə daxil edilir” - QURUM RƏSMİSİ AÇIQLADI

“Modifikasiya olunmuş məhsullar hibrid adı ilə ölkəmizə daxil edilir” - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı şəhərinin bazarlarına, satış nöqtələrinə meyvə-tərəvəzlərin 95 faizindən artığı mərkəzləşdirilmiş qaydada “Meyvəli” ticarət bazarından gətirilir. İldən-ilə meyvə-tərəvəzçilik təmərküzləşərək, böyük fermer təsərrüfatlarının əlində cəmləşir. Fərdi təsərrüfatlarda yetişdirilən meyvə-tərəvəzlər isə demək olar ki, Bakı bazarlarına gəlib, çatmır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, fərdi təsərrüfatlarında yetişdirilən meyvə-tərəvəzlər Bakı istehlakçısının tələbatına uyğun olmur: “Buna görə də mərkəzləşdirilmiş qaydada böyük bağçılıq təsərrüfatlarından bazarlara məhsul gedir.

Uzun müddət “Meyvəli” ticarət mərkəzində labaratoriya yox idi. Lakin illər əvvəl KİV-in köməyilə işlər apardıq və guya laboratoriyalar yaradıldı. Lakin onların da akreditasiya olunub-olunmadığını və AQTA-nın bura nəzarət edib-etməməsini də bilmirik. Bu barədə AQTA-da heç bir məlumatı oxuya bilmirik.

Mərkəzləşdirilmiş qaydada “Meyvəli” ticarət mərkəzinə gətirilən meyvə-tərəvəz guya nəzarətdən keçirilir. Lakin biz hər il bazarlarda Azad İstehlakçılar Birliyində olan sadə bir cihazla monitorinqlər aparırıq. Lakin hər zaman qarpız və yemişlərin tərkibində nitratların miqdarı həddindən artıq çox olur. Düşünürəm ki, “Meyvəli” ticarət mərkəzi elə bir iş aparmalıdır ki, Bakı bazarına bu cür məhsullar daxil olunmasın.

Meyvə-tərəvəz il boyu orqanizmə xeyir verən bir məhsuldur. Lakin uzun illərdir ki, bir çox ölkələrdən Azərbaycana hibrid adı altında məhsullar daxil olur. Azad İstehlakçılar Birliyi bu məsələdə çox narahatdır, çünki həmin məhsullar geni dəyişdirilib. Lakin hibrid adı ilə ölkəmizə göndərilir. Bu işlə məşğul olan labaratoriyalar da susurlar. Halbuki, cənab Prezidentin də genetik modifikasiya olunmuş məhsulların yayılmasının qarşısının alınmasına dair çox əhəmiyyətli fərmanları var.

Bütün bunlar insan həyatında öz mənfi rolunu göstərir. Təsadüfi deyil ki, Azərbaycan ÜST-ün uzunömürlülər siyasında 190 ölkə arasında 119-cu yerdədir. Biz AQTA-nın fəaliyyətini o zaman müsbət işini görəcəyik ki, bu siyahıda lazımi yerə qalxa bilək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə