TƏBİB-in icraçı direktoru müharibə iştirakçılarının ailə üzvləri ilə görüşüb - FOTOLAR
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in tabeli tibb müəssisələrində çalışan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarının ailə üzvləri ilə Xətai Tibb Mərkəzində görüş keçirib. TƏBİB-dən SİA-ya bildirilib ki, bu növbəti görüşün məqsədi onların iş şəraiti, rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsidir. Tibb mərkəzində hazırda sözügedən həssas koteqoriyaya aid olan 5 nəfər çalışır.
Onların arasında şəhid Ənsərov Vidadi Hinayət oğlunun həyat yoldaşı Nevrologiya şöbəsində tibb bacısı işləyən Ənsərova Hicran, II Qarabağ müharibəsinin qazisi Muradov Emin Tahir oğlunun anası Nevrologiya şöbəsinin tibb bacısı Mahirə Muradova, II Qarabağ müharibəsinin qazisi Adıgözəlov Yusif Oktay oğlunun anası Otorinolarinqologiya şöbəsinin böyük tibb bacısı Xanım Adıgözəlova, I Qarabağ müharibəsinin qazisi Bayramov Firdovsi Zakir oğlunun həyat yoldaşı Nevrologiya şöbəsinin tibb bacısı Şəhrəbanı Qurbanova olub.
Eyni zamanda II Qarabağ müharibəsinin qazisi Əliyev Kənan Kamran oğlu Tibb Mərkəzinin Dəstək xidmətləri şöbəsində çalışır. O, ölkə başçısının müvafiq sərəncamları ilə Füzulinin, Cəbrayılın azad olunmasına görə, eləcə də Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilib.
Görüşdə Vüqar Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ötən dövr ərzində qazilərin sağlamlıqlarına qovuşması üçün bütün mümkün vasitələrdən istifadə edilib. Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərilib. Sosial baxımdan həssas əhali qrupları olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvləri TƏBİB tərəfindən icbari tibbi sığorta çərçivəsində ödənişsiz psixoloji yardım xidmətləri ilə də təmin olunurlar.
İcraçı direktor, həmçinin qeyd edib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vaxtaşırı şəhid və qazi ailələrinin üzvlərinin işlə təminatı məsələlərinə baxılır, onlara ixtisaslarına uyğun müvafiq iş təklifləri edilir və müxtəlif tibb müəssisələrində işlə təmin olunurlar.
Görüş iştirakçıları daim diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar çalışdıqları tibb müəssisəsində hər zaman qayğı ilə əhatə olunduqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB