“Gənclərimiz təmkinli davranmalı, irəliyə baxmalıdırlar” - SORĞU

“Gənclərimiz təmkinli davranmalı, irəliyə baxmalıdırlar” - SORĞU

Keçdiyimiz günlərdə 2023-cü il üzrə ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Təbii ki, sevinənlərlə bərabər kədərlənənlərin də sayı az olmadı. Hər il nəticələrin açıqlanmasından bir müddət sonra abitruyentlərin intihar, özünə xəsarət yetirmə kimi xəbərləri çıxır. Bəs belə olan təqdirdə cəmiyyət və ailə olaraq nə edilməlidir?

SİA mütəxəssis fikirlərini təqdim edir:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov: “Bir çox hallarda universitetlərə qəbul nəticələri elan edildikdən sonra uğur əldə edə bilməyən abitruyentlər ailələrində aqressiv münasibətlə üz-üzə qalırlar. Təbii ki, bu heç bir halda düzgün deyil. Onsuz da çətin durumda olan abitruyentlərə ailələri öz dəstəklərini ifadə etməməsi uşaqları daha da uçurama sürükləyir. Valideyn övladına bunun son olmadığını, yenidən imtahan verməyin mümkünlüyü izah etməlidir. Yenidən, daha çox çalışaraq qazanıla biləcək bir uğur üçün insanın psixoloji olaraq çökməsi, xüsusilə də valideynin övladını buna sövq etməsi qətiyyən doğru hesab edilmir. Çünki həmin abitruyent ən kiçik uğursuzluğunda belə ailəsindən dəstək görə bilmədikdə özgüvəni bütün mövzular üzrə qırılır və həyatdan küsürlər. İstənilən halda bu mərhələdə valideynlərin üzərinə böyük yük düşür və övladını yenidən ruhlandırmaq, ayağa qaldırmaq yalnız valideyndən asılı olur”.

Sosioloq Azər Həsrət: “Universitetə qəbul olmaq təbii ki, abitruyentlərin ən böyük arzusudur. Ali təhsilli olmaq, cəmiyyətdə özünü daha düzgün ifadə edə bilmək hər kəs üçün arzuolunandır. Gənclər də məhz buna can atırlar. Lakin bəzən elə olur ki, həyatımız boyu bir çox imtahanlardan keçə bilmirik. O cümlədən də, ali təhsil məktəblərinə qəbul olmaq üçün verdiyimiz imtahanlardan kəsilirik. Amma bu nə faciədir, nə də dünyanın sonu…

Ailə təhsil müəssəsinə qəbul ola bilməyən abitruyent bunu həyatının faciəsi kimi qəbul etməməlidir. Artıq dünya dəyişib. Tanıdığımız ən məşhur, varlı insanların bir çoxlarının ali təhsli yoxdur. Buna baxmayaraq bütün dünya onlardan danışır, hətta onların icadlarından istifadə edir. Ali təhsil olmadan da insan özünü inkişaf etdirib, istəyinə nail ola bilər. Buna görə də gənclərimiz təmkinli davranmalı, irəli baxmalıdırlar”.

Psixoloq Vüsalə Əmiraslanova: “İmtahandan keçə bilməyən abitruyentlər adətən prosesin fərqində olurlar. Həm müəllimlər, həm də abitruyent özü bilik və bacarıqlarının nəyə qadir olduğunu bildikdə o qədər də narahatlıq keçirmirlər. Çünki artıq nəticənin az-çox necə olacağını bilirlər.

Lakin bəzən çox yaxşı oxuyan şagird kodlaşdırmada və ya başqa problemlərlə qarşılaşdıqda artıq stresə düşür. Təbii ki, nəticələr də qane etmədikdə, psixloji sarsıntı keçirirlər. Lakin istənilən halda abitruyentlərə bunun son olmadığını izah etmək, onlara dəstək olaraq vacib şərtdir. Xüsusilə də valideynlər bu dönəmdə hər vasitə ilə övladlarına dəstək olduqlarını ifadə etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə