“Azərbaycanda cəmi 2-3 dondurma istehsalçısı standartlara uyğundur” - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycanda cəmi 2-3 dondurma istehsalçısı standartlara uyğundur” - QURUM RƏSMİSİ AÇIQLADI

“Dondurma mövsümü başlayandan bəri bizə istehlakçılardan həftədə 3-4 zəng gəlir. Suallar açıq dondurmalar, saxlanılma qaydaları, qiymətlər və s. ilə bağlı olur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dondurma süd məhsuludur və qaymaq dadı verməlidir: “Dondurma istehsalında mütləq kərə yağından istifadə olunmalıdır. Çox nadir hallarda, müəyyən şərtlər daxilində kakos yağından da istifadə edilir.

Hazırda Azərbaycanda 20-dən çox dondurma istehsalçısı var. Lakin onlar arasında çox az sayda, cəmi 2-3 standartlara uyğun dondurma istehsalçısı mövcuddur. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi ABŞ İnkişaf Agentliyinin layihəsi çərçivəsində 10 il öncə yalnız bir dondurma istehsalçısına qida təhlükəsizliyi nişanını şamil edib. Hazırda da bu nişan həmin dondurmaların üzərində var.

Artıq 3 ildir ki, Azərbaycan Türkiyədən maraş dondurması daxil olub və ölkənin ən ucqar nöqtələrinə qədər gedib, çıxıb. Bu dondurmalar barədə isə əhalinin fikirləri birmənalı deyil. Bu dondurmaların keçi südündən hazırlandığı bildirilir, lakin üstün cəhətlərinin nə olduğu bilinmir. Bu barədə Azad İstehlakçılar Birliyində məlumat çox azdır və bu dondurmalar açıq dondurmalar olduğundan son istifadə müddəti məlum deyil.

Xaricdən gətirilən dondurmalar yerli məhsullardan heç də üstün deyil. Onların yaxşı qablaşdırılmasına fikir vermək lazım deyil, çünki xaricdən gələn dondurmalar kimyələşdirilmiş olur. Əgər dondurmanın qabı əzilibsə, bu gətirilən zaman temperatura məruz qaldığını və əriyib yenidən donduğunu göstərir. Bu isə faydalı dondurma hesab olunmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə