"Kişinin nikahdankənar münasibətdə olduğu qadın onun həyat yoldaşı deyil, məşuqəsidir" - EKSPERT TƏNQİD ETDİ
"Nikahdankənar evliliklə bağlı düşüncələrim bir qədər fərqlidir. Ailə münasibətlərinin rəsmiləşdirilməsinin tərəfdarıyam". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, nikahdankənar evlilik olmur: "Kişinin nikahdankənar münasibətdə olduğu qadın onun həyat yoldaşı deyil, məşuqəsi sayılır. Bu, mənfi tendensiyadır və təəssüflər olsun ki, ölkəmizdə də sürətlə yayılır. Bu tendensiya birbaşa ailə institutunun sıradan çıxarılmasına yönəlib.
Təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar ölkəmizdə nikahdankənar doğulan uşaqların da sayı xeyli artıb və biz bu mənfi tendensiyanın daha geniş vüsət aldığını müşahidə edirik. Bu, ilk növbədə, məsuliyyətsizliyin nəticəsidir. Ailə qurmağa hazır olmayan, bu ağır yükü daşımaq istəməyən insanlar orada-burada münasibət qurmaqla nikahdankənar uşaqların dünyaya gəlməsinə səbəb olurlar".
Seymur Verdizadə sözlərinə belə davam edib: "Mən uzun illər sosial problemlərin müzakirə olunduğu verlişlərdə ekspert statusunda fəaliyyət göstərmiş və buna görə də analoji halların tez-tez şahidi olmuşam. Hesab edirəm ki, bu cür mənfi halların yaradılmasında həm kişinin, həm də qadının məsuliyyəti böyükdür.
Elə kişilər var ki, nikahdankənar doğulan övladını danır və hətta ona soyadını verməkdən belə imtina edir. Nəticədə, valideynlərdən ən azı birinin, ya atanın, ya da ananın himayəsindən məhrum olan övladlar böyüyür. Həmin uşaqların əksəriyyəti travmalı olur. Bu travmanı da ona özgələr deyil, ata və anaları yaşadırlar. Travma ilə doğulan uşaqlar gələcəkdə cəmiyyətdən intiqam almaq həvəsinə düşürlər. Nəticədə çoxsaylı sosial kriminal problemlər yaşanır. Buna görə də həm kişi, həm də qadın məsuliyyətli olmalı, münasibətləri rəsmiləşdirməli və doğulacaq körpələrə sahib çıxmalıdırlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB