“Açıq şəkildə satılan dondurmalar daha böyük risk daşıyıcısıdır” - MÜTƏXƏSSİS DANIŞDI

“Açıq şəkildə satılan dondurmalar daha böyük risk daşıyıcısıdır” - MÜTƏXƏSSİS DANIŞDI

“Dondurma yayda ən çox istifadə olunan məhsullardan hesab olunur. Süd məhsulu olduğundan da xarab olmağa daha çox meyillidir və düzgün hazırlanmayan dondurmalar insan orqanizmi üçün zərərlidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, açıq şəkildə satılan dondurmalar daha böyük risk daşıyıcısıdırlar: “Hər nə qədər müvafiq qurumlar tərəfindən monitorinqlər aparılsa da, bu hər bir nöqtəyə çatacaq qədər olmur. Açıq şəkildə satılan dondurmaların etiket məlumatları olmadığından təzə olub-olmaması ilə bağlı heç bir məlumatımız olmur. Eyni zamanda bu cür dondurmalarda meyvələrdən, dadlandırıcı olaraq müxtəlif cemlər və souslardan istifadə edilir. Hansı ki, bunlar dondurmanı daha da təhlükəli hala salır. Çünki qarışıq olan və açıq şəkildə satılan dondurmanın saxlama müddəti 2-3 günü keçməməlidir. Lakin bir çox hallarda insanlar buna diqqət etmir və satıcının sözlərinə inanmağı seçirlər.

Keyfiyyəti, mənşəyi bəlli olmayan və bilinməyən yerlərdən dondurma alınması məsləhət görülmür. Dondurma süd, qaymaq və kərə yağından hazırlanan məshuldur. Tərkibindəki bu məhsullar isə kifayət qədər qiymətlidir. Lakin hazırda satışda çox ucuz qiymətə dondurmalar da mövcuddur. Bu cür dondurmalar isə artıq süd, qaymaq, kərə yağından deyil, hər hansı bir dadlandırıcılar və zərərli qatqılardan hazırlanır. Bu məhsullar isə insan orqanizmi üçün həm zərərlidir, həm də artıq çəki səbəbkarıdır.

Paketlənmiş dondurma aldıqda paketin üzərində istehlakçı şirkətin bütün məlumatlarının və dondurmanın içində olan məhsulların qeyd olunmasına fikir verməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə