Niyə hamıdan küsürəm? - PSİXOLOQ AÇIQLADI

Niyə hamıdan küsürəm? - PSİXOLOQ AÇIQLADI

"Küsmək - psixoloji müdafiə mexanizmidir. İnsanlar küsərək özlərini sakitləşdirə və qoruya bilərlər. "Küsmək" kəlməsinin altında hirs, əsəb, kədər, ümidsizlik və s. hisslər dayanır. Səbəb olduqda normal bir davranışdır. Çünki insanlar haqsızlıqla qarşılaşdıqda, çarəsiz qaldıqda inciyə və küsə bilərlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.

Onun sözlərinə görə, əgər bir insan səbəbsiz və ya cüzi nələrəsə görə inciyir, küsürsə bu həmin zamanda baş verənlərlə əlaqəli deyil: "Keçmişdə yaşadığı, lakin özünü ifadə edə bilmədiyi anlarda keçirdiyi hisslər mümkündür ki, 15 il sonra başqa cüzi bir səbəbdən kimdəsə partlasın. Məsələn, ata evi tərk edir, uşağa heç bir izah verilmir, uşaq səbəbi bilmədən özünü atılmış, aldadılmış, gözləntisi sınmış hiss edir. Uşaq daim hər şeydən küsür, inciyir. Özü də səbəbini bilmir. Böyüdükdə, dostu ilə bir səyahət planı qururlar, amma, dostu gələ bilmir. Səbəb nə olursa olsun, o "uşaq" daxilində inciyir. Bu o deməkdir ki, vaxtında işlənilməmiş travmalar illər sonra cüzi səbəblərin nəticəsi kimi özünü göstərir".

Fatimə Bayramova sözlərinə belə davam edib: "Olur ki, insanlar ətrafdakılardan həddən artıq böyük gözləntiləri olur. Yəni şəxsin xarakterik xüsusiyyətləri ilə də bağlıdır.

Bəzən bu tərbiyədir. Ailədə valideynlər tez - tez bir - birindən küsürlər, uşaq da bu müdafiə mexanizmini görür və götürür.
Küsmək əlbəttə, çıxış yolu yox, qaçışdır. Küsərək biz hisslərimizi basdırırıq, amma əgər siz tez - tez küsürsünüzsə bunun əsas səbəblərini, daha dəqiq bu küskünlüyün sizə yaşatdığı hissləri aydınlaşdırın. Küsərkən necə hiss edirsiniz özünüzü? atılmış, aldadılmış yoxsa, tənha? Bunun keçmişlə əlaqəsi varmı?".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə