Hansı meyvələrdə daha çox şəkər var? - MÜTƏXƏSSİS AÇIQLADI

Hansı meyvələrdə daha çox şəkər var? - MÜTƏXƏSSİS AÇIQLADI

"Dünyanın hər yerində ən çox istehlak olunan qida maddəsi şəkərdir. Xüsusilə, qidalarla yanaşı, qazlı içkilər şəkər baxımından yüksək və sağlamlıq üçün təhlükəlidir. Ancaq gündəlik qəbul etməli olduğumuz şəkər miqdarı var. Bu, kişilərdə 35 qram, yəni 150 kalori, qadınlarda isə 20 qram, yəni 100 kaloridir". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, gündəlik şəkər ehtiyacımızı hazır paket qidalardan deyil, təbii qidalardan qarşılamağımız daha faydalıdır: "Bu qidaların ən başlıcası mövsümündə yeyilən meyvələrdir. Meyvələr su, lif, vitaminlər və antioksidantlar baxımından da zəngin qida maddələridir. Tərkibində fruktoza deyilən təbii şəkərlər mövcuddur. Bir çox pəhriz saxlayan insanlar yemək aralarında meyvə yeyərək şəkər ehtiyacını qarşılamağa çalışır. Ancaq yediyimiz bir çox meyvələr zənn etdiyimiz qədər az şəkərli deyil.

Üzüm şəkər baxımından ən zəngin meyvələrdən biridir. Təxminən bir salxım üzümün tərkibində 23 qram şəkər var. Manqo yerli meyvə olmasa da, əksəriyyətlə sevərək yediyimiz meyvələrdəndir. Bir ədəd manqo tərkibində təxminən 45 qram şəkər var.
Bir orta ölçülü bananda 14 qram şəkər var.

Yay aylarında xoşladığımız meyvələrdən biri də gilasdır. Təxminən bir kasa gilasda 18 qram şəkər var. Armud da şəkər tərkibi baxımından zəngin meyvələrdən biridir. Bir orta ölçülü armud 17 qram şəkər ehtiva edir. Əncir də şəkər baxımından zəngin bir meyvədir və təxminən iki ədəd əncirin tərkibində 16 qram şəkər var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə