Heyvanlara şiddətə görə məsuliyyət nəzərdə tutulub? - MÜNASİBƏT BİLDİRİLDİ
"Son illər kütləvi informasiya vasitələrində heyvanların öldürülməsi barədə xəbərlərə tez-tez rast gəlirik. Müəyyən zamanlarda küçə və ya ev heyvanlarına insanların şiddət göstərdiyinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərin görə, ölkə qanunvericiliyinə görə heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsində dəfələrlə artırılıb: "İnzibati Xətalar Məcəlləsinin (İXM) 274-cü maddəsi ilə heyvanlarla rəhmsiz davranmaq qadağan edilib. Rəhmsiz davranmaq dedikdə heyvanlara qarşı şiddət göstərərək onların şikəst və ya tələf edilməsi başa düşülür. Yuxarıda qeyd edilən maddəyə əsasən, bu əməli törədən şəxs 500 manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının da üzvü olduğu “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. Həmçinin heyvanı damazlıq üçün götürən hər bir kəs onun balasının və dişi heyvanın sağlamlığına zərər vura bilən anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması üçün məsuliyyət daşıyır.
Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən heç bir ev heyvanı onun sağlamlığına və rifahına zərər vura biləcək üsullarla təlim edilməməlidir, xüsusən, əgər bu təlimlər heyvana ağrı verən, onun təbii imkanlarından və gücündən artığına məcbur edilməklə, lüzumsuz ağrı, zərər və əzab verən vasitələrdən istifadə edilərək aparılırsa".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB