"Heç bir səbəb oğurluğa haqq qazandıra bilməz" - EKSPERT TƏNQİD ETDİ

"Heç bir səbəb oğurluğa haqq qazandıra bilməz" - EKSPERT TƏNQİD ETDİ

Ötən gün Azərbaycanda apteklərin birindən yardım məqsədilə qoyulmuş qutu oğurlanıb. Belə ki, görüntülər sosial şəbəkələrdə də yayılıb. Bildirilir ki, aptekə müştəri qismində gələn şəxs burada Spinal əzələ atrofiyası (SMA) xəstəsi olan Rasim adlı azyaşlı üçün qoyulmuş yardım qutusunu oğurlayıb. Bir insanı belə addım atmağa nə vadar edə bilər?! Belə adamlara necə haqq qazandırmaq olar?! SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, son vaxtlar ölkədə oğurluq hadisələrinin sayı xeyli artıb: "Oğurluq zəhmətsiz gəlir və başqalarının əmlakına göz dikməkdir. Ən əsası isə qanun pozuntusudur və hüquqi məsuliyyət yaradır. Bu əməli törədənlər mütləq qanun qarşısında cavab verməlidir. Əlbəttə, bu, hadisənin hüquqi tərəfidir. Məncə, hadisənin mənəvi tərəfi də araşdırılmalıdır. İnsanları oğurluğa sövq edən səbəblər nədir? Niyə insanlar zəhmətsiz gəlir əldə etməyə can atırlar? Niyə onlar öz halal zəhmətləri ilə dolanmaq istəmirlər? Bu əməli törədən adamların fiziki göstəriciləri yerindədirmi? Onlar işləyib öz qazancları ilə dolana bilərlərmi? İnsan hansı səviyyəyə enməlidir ki, aptekdən, yaxud məsciddən oğurluq etsin?! Heç bir səbəb oğurluğa haqq qazandıra bilməz".

Seymur Verdizadə sözlərinə belə davam edib: "Ölkədə sosial problemlər var və həll olunmalıdır. İnsanları işlə təmin etmək lazımdır. Onların məşğulluğunun qeydinə qalınmalıdır. Düzdür, elə insanlar var ki, heç özü işləmək istəmir. Mən çox sayda adam tanıyıram ki, işləməkdənsə, oğurluğa və rüşvətə can atırlar. Onlar zəhmətsiz gəlirlə dolanmaqda maraqlıdırlar. Kim işləmək istəyirsə, onlara şərait yaradılmalıdır. Kimsə də oğurluğu özünə peşə seçirsə, həmin şəxslər cəzalandırılmalı və cəmiyyətdən təcrid edilməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə