Yenitikili binadan mənzil alarkən nələrə diqqət etməliyik? - EKSPERT AÇIQLADI

Yenitikili binadan mənzil alarkən nələrə diqqət etməliyik? - EKSPERT AÇIQLADI

“Yenitikili binalarda mənzillər iki formada satılır. Birincisi ,müqaviləli qaydada, digəri isə notarius vasitəsilə satışdır. Müqaviləli qaydada alqı-satqı olunarkən vətəndaş tikinti şirkəti ilə alqı-satqı müqaviləsi və maliyyə arayışı tələb etməlidir. Maliyyə arayışında mənzil sahibinin tikinti şirkətinə heç bir borcu olmadığı qeyd olunur. Bundan əlavə, Azərbaycanda artıq 30 ilə yaxın bir müddətdir ki, çoxmənzilli binalar inşa olunur. Lakin onların alqı-satqı prosesində heç bir dəyişiklik yoxdur. Yəni, MTK-nın bazası, mənzillərin və sahiblərin siyahısı digər dövlət qurumlarında yoxdur. Hər hansı bir şəffaf məlumatı dövlət qurumundan əldə etmək mümkün deyil. Ona görə də vətəndaş məcburdur ki, tikinti şirkətinin rəhbərinin mənzil ilə bağlı dediyi sözlərə inansın. Əgər mənzil müqaviləlidirsə, yaxşı olar ki vətəndaş alqı-satqı prosesində hüquqşünasa və ya bu sahəni bilən mütəxəssisə müraciət etsin. Həmin mənzilə görə kiçik bir bazar araşdırması aparılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, çıxarışlı mənzillərdə isə proses bir qədər fərqlidir: “Bu mənzillərdə alqı-satqı notarial qaydada aparıldığına görə bütün məsuliyyət notariusun üzərində olur. Yəni, mənzilin sənədində hər hansı bir səhv olarsa, notarius həmin çıxarış növbəsilə aidiyyatı üzrə bütün dövlət qurumlarına yoxlanış verir. Lazımlı sənədlər toplandıqdan sonra alqı-satqı baş tutur. Müqaviləli mənzillərdə mənzil sahibi ailəli olsa belə satış prosesində bəzi tikinti şirkətləri ondan həyat yoldaşının razılığını tələb etmirlər. Bu, qanunazidddir”.

Ekspert sözlərinə davam edərkən bildirib ki, çıxarışlı mənzillərin satışında isə mənzil sahibinin həyat yoldaşının razılığı mütləq olmalıdır: “Bu əmlak birgə mülkiyyət sayıldığına görə onun satışı zamanı mənzil sahibinin həyat yoldaşının notarial qaydada razılığı olmalıdır ki, mənzilin satılmasına dair heç bir iddiası yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaq. Vətəndaş əgər mənzili hər hansı bir şəxsdən alırsa, o zaman mütləq bu razılığı tələb etməlidir.

Birbaşa MTK-dan mənzil alarkən isə sadəcə alqı-satqı müqaviləsi və mənzilin heç bir borcu olmaması haqqında maliyyə arayışı tələb etməli, sayğaclarla bağlı sənədlər götürməlidir. Xüsusilə yenitikili binalardan istər, çıxarışlı, istərsə də müqaviləli mənzil alarkən ilk öncə bazar araşdırması aparılmaq, daha sonra həmin əmlaka yatırım etmək doğru olar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə