"Azərbaycanda valideynlərin övladlarını yüklədiyinə dair iddialarla razılaşa bilmərəm. Əksinə, bizim ölkədə valideynlər ömürlərinin sonuna kimi övladlarının qarşısında öhtəlik daşıyırlar". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün xarakterik olan belə bir deyim var ki, "Azərbaycanda insanlar əvvəlcə övladları, sonra nəvələri, ömür vəfa etsə nəticələri üçün yaşayırlar": ""Səni böyütmüşəmsə, mütləq mənə baxmalısan" ifadəsi bir qədər primitiv səslənir. Yaşlı valideynin qayğısına qalmaq, ona dəstək olmaq övladın mənəvi borcudur. Bunu dramatikəşdirməyə ehtiyac yoxdur.
Bunun üçün də valideyn zamanında övladına düzgün tərbiyə verməli, ona düz yolu göstərməlidir. Övladın ata-anasının qeydinə qalmasında pis nə var ki?! Övlad mütləq əyri yola düşməli, əyyaşlıq etməli və meşşan həyat tərzi keçirməlidir?!".
Seymur Verdizadə sözlərinə belə davam edib: "Bu düşüncədə olan adamların marağı Azərbaycanda ailə institunu zədələmək, ailədaxili xaos yaratmaqdır. Onlar məsuliyyətsiz və bivec adamlardır. Biz böyüyə hörmət, kiçiyə mərhəmət göstərən ailələrimizlə birlikdə güclüyük.
Valideyn-övlad münasibətləri sağlam əsaslar üzərində qurulmalıdır. Tərəflər bir-birlərinin hüquqlarına hörmətlə yanaşmalıdırlar. Niyə övlad valideynin, yaxud valideyn övladının qeydinə qalmamalıdır?! Bu düşüncəni təbliğ edənlər cəmiyyət üçün yararsız ünsürlərdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB