"Nulla poena sine lege (latınca Qanunsuz cəza yoxdur) prinsipi — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn təməl prinsiplərindən biridir. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, digər bir prinsip isə Nulla poena sine lege certa (Aydın müəyyən edilmiş qanun olmadan cəza verilə bilməz) prinsipidir: "Bu prinsipə görə, cəza qanunu cinayət hesab olunan hərəkətləri və onlara görə veriləcək cəzanı kifayət qədər aydın müəyyən etməlidir ki, bu, vətəndaşlara hansı hərəkətlərin cəzalandırıla biləcəyini əvvəlcədən görməyə imkan versin və vətəndaşlar da buna uyğun hərəkət etsinlər. Bu qayda cinayət hüququnda hüququn ümumi prinsiplərindən olan hüquqi müəyyənliyin mövcudluğunu tələb edir".
Turan Abdullazadə sözlərinə belə davam edib: "İctimai yerlərdə öpüşən gənclər zaman-zaman polis təzyiqi ilə üzləşirlər. Polislər onlara yaxınlaşaraq bəzən xəbərdarlıq edir, bəzən isə "ictimai asayişin pozulması"nı iddia edərək qanun pozuntusu kimi qiymətləndirir və gəncləri polis bölməsinə dəvət edir. Hesab edirəm ki, bu, qanunsuzdur və hüquqa ziddir. Ümumiyyətlə, qanunvericilikdə öpüşməyi qadağan edən heç bir norma olmadığı üçün belə demək olar ki, ictimai yerdə öpüşmək "ictimai asayişin pozulması" kimi qiymətləndirilə və buna görə cəza tətbiq edilə bilməz. Lakin İnzibati Xətalar Məcəlləsində belə bir maddə var: polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
İctimai qayda geniş mənada – ictimai quruluş kimi, ona xas olan bütün iqtisadi və ictimai münasibətlərin sistemi (məcmusu) kimi başa düşülür. İctimai qayda dedikdə bütün sosial əlaqələr və münasibətlər sistemi başa düşülür. Yəni, gənclər nəzərə almalıdırlar ki, onlar ictimai yerdə hər hansı hərəkət edərkən digərlərinin narahatçılığına və diskomfortuna səbəb ola bilərlər. (Məsələn, azyaşlı yeni dərk etməyə başlayan uşaqları ilə axşam gəzintisinə çıxan bir ailə niyə uşaqlarının gözü qarşısında belə bir mənzərənin şahidi olmalıdır?) Həmçinin bu birgəyaşayış və etik davranış qaydalarına da uyğun deyil. İctimai asayiş və ictimai qaydanı mühafizə edən polis əməkdaşı normal bir formada mədəni şəkildə yaxınlaşıb xəbərdarlıq edirsə və iradını bildirirsə bu çox normal qarşılanmalıdır. Lakin buna görə öpüşən şəxsləri polis bölməsinə aparmaq və cərimələmək qanuna ziddir.
Unutmamaq lazımdır ki, bizim hüquqlarımız başqasının hüquqlarına müdaxiləmizin başladığı yerdə bitir. Həmçinin, öpüşmə zor tətbiqi və ya seksual xarakterli hərəkətlərin müşayiəti altında baş verirsə, məsuliyyət də yarada bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə