Valideynlərlə birgə vaxt keçirmək - uşaqlar bu haqda nə düşünürlər? - UŞAQLAR ARASINDA SORĞU
Uşağınızla vaxt keçirdiyiniz zaman bu, ona psixoloji fayda olaraq geri qayıdır. Araşdırmalar göstərir ki, valideynlərin, xüsusilə, ilk beş yaşında uşaqların inkişafına emosional vaxt ayırmaları çox vacibdir. Xüsusilə, bu illərdə ailə ilə keçirilən zaman uşaqların mərkəzi sinir sisteminin inkişafına çox müsbət töhfələr verdiyi bildirilir.
Valideynlərin gündəlik işləri bir kənara qoyub, uşaqlarına vaxt ayırması lazımdır. Ayrılan bu vaxt uşağınız üçün qısa və uzunmüddətli perspektivdə bir çox faydalar təmin edəcək.
Uşağınızla keçirdiyiniz vaxt onun özünə inamının inkişafı üçün çox vacibdir, çünki onunla vaxt keçirdiyiniz zaman ona verdiyiniz dəyəri göstərir. Yəni, "Sənə dəyər verdiyim üçün sənə vaxt ayırıram" mesajını verirsən.
Xüsusilə uşaq sayının çox olduğu ailələrdə hər uşağa bərabər vaxt ayrılması vacibdir.
SİA mövzu ilə bağlı azyaşlılar arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib.

9 yaşlı Rüfət Musayev: "Ən çox suyu, dənizi və parkda vaxt keçirməyi sevirəm. Bunların hamısını atamla birlikdə etmək isə mənə zövq verir.
Anamı da sevirəm, amma hamı bilir ki, atamın yeri tamam fərqlidir. Çünki günümün çox hissəsi atamla keçir. Biz birlikdə çox əylənirik. Məsələn, anam şirniyyat yeməyə o qədər də icazə vermir. Atamla ikimiz olduqda isə mənə o qədər də mane olmur.
Ümumiyyətlə, ailəmlə keçirilən zaman mənim üçün çox maraqlıdır".

7 yaşlı Mehri İsmayılova: "Mən həm anam, həm də atamla əylənməyi çox sevirəm. İkisi də məni əyləndirməyi bacardığı üçün arada elə ciddi bir fərq görmürəm. Ailəmizin birlikdə olduğu hər yer mənim üçün əyləncəli və maraqlıdır.
Hər ailənin öz qanunları olur. Bazar günü də bizim ailə günümüzdür. Belə ki, həmin gün ilk olaraq birlikdə səhər yeməyi masasına əyləşirik. Anam bizə ən sevdiyimiz yeməklərdən hazırlayır. Mənim səhər yeməyində ən sevdiklərim sosiska və az bişmiş yumurtadır. Atam səhər yeməyini bacımla mənə əlləri ilə yedizdirir.
Daha sonra isə gəzmək üçün müxtəlif planlar qurub evdən çıxırıq".

5 yaşlı Yusif Piriyev: "Mən bütün günü əyləncəli yerləri gəzmək istəyirəm. Ən çox sevdiyim isə oyun zalı və parka getməkdir. Bir də atamla marketə yollanmaqdan çox xoşum gəlir. Bura xüsusilə atamla getmək maraqlıdır. Çünki yalnız o mənə istədiyim hər şeyi alır. Amma anam yanımızda olduqda buna əngəl olmağa çalışır.
Atamla keçirdiyim vaxt ərzində çox əylənirəm və istədiyim hər şeyi aldırıram".

5 yaşlı Aybəniz İsmayılova: "Mənim üçün anam, yaxud atamla keçirdiyim vaxtın elə də bir fərqi yoxdur. Əsas odur ki, kimsə məni gəzməyə aparsın.
Ən çox isə oyun zalları və dənizi sevirəm. Üzə bildiyim üçün dəniz mənim üçün çox maraqlıdır. Bu yay 3-4 dəfə dənizə gedib maraqlı vaxt keçirmişik. Üzməyi mənə babam öyrədib və mən onunla çox əyləncəli vaxt keçirirəm".

5 yaşlı Raul Həsənquliyev: "Anamla vaxt keçirməyi sevirəm. Çünki çox nadincəm və buna səbirlə yalnız anam dözə bilir. Hər evdən çıxdıqda isə ona maşın aldırıram.
Heyvanları çox sevirəm. Buna görə də ən çox əyləndiyim məkanların başında Zoopark dayanır. İki dəfə Zooparka getmişik və ikisində də oradan çıxmaq istəməmişəm.
Restoranlara getmək də mənim üçün maraqlıdır. Amma uşaqlar üçün xüsusi guşəsi olan restoranları daha çox bəyənirəm. Orada ən çox sevdiyim yemək isə kartof qızartmasıdır.
Atam və anamla keçirdiyim vaxt ərzində özümü çox xoşbəxt hiss edirəm".

3 yaşlı Alisa Süleymanova: "Ən çox bacım və anamla zaman keçirməyi sevirəm. Bacımla çox mehribanıq və birlikdə parka gedir, gün ərzində fərqli oyunlar oynayırıq. Atamın yeri isə tamam fərqlidir. Çünki o mənim istədiyim hər şeyi edir.
Anamla daha çox parka yollanıram. Burada anam mənə ən sevdiklərimdən olan popkorn, meyvə şirəsi və pambıq alır. Amma ən çox həftə sonları, yəni atam evdə olan günü parka getmək daha əyləncəlidir".

11 yaşlı Elxan Əbilov: "Yay tətilində ailəmlə birlikdə Bərdə rayonunun Nəzirli kəndinə yollanırıq. Kəndi çox sevir və burada bolca əylənirəm.
Bundan əlavə ailəmlə sıx-sıx dənizə gedirik. Bu da mənim üçün çox maraqlıdır.
Çalışırıq ki, daim yemək masasına ailəvi əyləşək. Ən çox sevdiyim yeməklər isə anamın bişirdiyi dolma, dovğa, pizza və plovdur".

6 yaşlı Banu Həsənquliyeva: "Mənim üçün atamla keçirdiyim vaxt daha əyləncəli və maraqlıdır. Çünki atalar qızlarının istədiyi hər şeyi alır.
Ən çox getməyi sevdiyim yerlər əyləncə mərkəzləri və parklardır. Getdiyim yerlərdə də bütün uşaqlarla dost oluram. Çünki söhbət etməyi çox sevirəm".

6 yaşlı Melisa Süleymanova: "Atamın zamanı olduqca bizi kəndə nənəmin yanına aparır. Ona görə də atamla vaxt keçirmək çox maraqlıdır. Biz hər yay Siyəzənə yollanırıq. Çünki mən kəndi və kənd həyatını çox sevirəm.
Kənddə böyürtkən yığıb yeyirik, dənizə gedirik və nənəmə heyvanlara yem verməsi üçün daim kömək edirəm".

10 yaşlı Turan Əbilov: "Atam və nənəmlə zaman keçirməyi çox sevirəm. Çünki onlar mənim bütün şıltaqlıqlarıma səbir etməyi bacarırlar.
Daha çox yayda ailəvi şəkildə kəndə istirahətə yollanırıq. Atamgil qardaşımla məni bir müddətlik rayondakı nənəmin yanına aparırlar. Kənd həyatını çox sevir və nənəmə də işlərində kömək edirik. Amma mən anam, atam, qardaşım, bir sözlə, bütün ailə ilə keçirilən zamanı daha çox sevirəm. ".

2 yaşlı Məryəm Hacıyeva: "Ən çox nənəmlə vaxt keçirirəm. Onunla birlikdə parkda çox əylənirik. Atam və anamı da çox sevirəm. Onlarla da bol-bol əylənirik.
Parkda azyaşlı uşaqlar üçün olan atraksionlar mənim üçün çox maraqlıdır. Çünki onlar qorxulu olmur, əksinə məni əyləndirir. Hər gün nənəmdən buna görə məni parka aparmasını istəyirəm".
1 yaşlı Toğrul Qarayevin anası: "Toğrul daha çox özü ilə oynamağı sevir. Ən çox sevdiyi isə ailəvi şəkildə parka getməkdir. Bizimlə vaxt keçirmək onu xoşbəxt edir.Yaşı az olsa da, bunu hələ səsləndirə bilməsə də anlamaq heç də çətin deyil. Düşünürəm ki, övladımızla keçirdiyimiz zaman onun gələcək inkişafına da öz müsbət töhfəsini verəcək.
Oğlum yemək yeməyi də özü sevir. Bu barədə bizdən kömək belə istəmir.
Yeməkdən daha çox isə meyvə dadlarını bəyənir".

6 yaşlı İsmayıl Nəbiyev: "Ən maraqlı vaxt mənim üçün Bakıda keçiriləndir. Biz Bərdədə yaşayırıq. Amma şəhəri və oradakı parkları daha çox sevirəm.
Anamla sıx-sıx Bakıya gəlirik. Bu daha çox yay fəslinə təsadüf edir. Burada çoxlu qohumlarımız yaşayır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB