Söhbət “Araz”ın metronun “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında yerləşən filialından gedir. Bu “Araz” nə üçün düzəlmir, nə üçün öz işini qura bilmir, maraqlıdır. Nə vaxt bu marketə girirsənsə, bir yox, beş problemlə üzləşirsən. Məsələn, bunlardan biri odur ki, baxmayaraq ki, marketdə bir neçə kassa var, lakin bir kassa, təsadüf nəticəsində isə iki kassanın işlədiyini görürsən. Görünənlərdən biri də odur ki, kassanın qarşısında daim alıcıların gileyi ilə qarşılaşmaq mümkündür. Məsələn, dünən də alıcı endirimli məhsul götürmüşdü, lakin kassa qarşısında problem yaşayırdı. Çünki məlum olmuşdu ki, bu məhsul əslində endirimdə deyil. Ağsaqqal kişi də götürüb marketin o başından gəlib bu başına, sonra da ki, belə...
Elə ayın 14-də saat 17 ilə 18 arasında “Araz” supermarketdə yenə də problem yaşanırdı. Həm də necə problem. Özlərinin də dediyi kimi, “sən harada, “Araz” orada” kimi deyil, “Araz harada, problem orada” kimi...
Deməli, bir təsadüf idi ki, kassaların 3-ü də işləyirdi, lakin qarşısında izdiham hökm sürürdü. Market də o qədər isti idi ki, camaat tər axıdırdı. Maraqlıdır, görəsən burada havalandırma sistemi nə üçün yoxdur? Varsa, niyə işləmir? Yoxsa, nə düşünürlər bu barədə?
Nə isə, isti qalsın öz yerində, daha dəhşətli bir vəziyyət o idi ki, kassaların heç birində kart işləmirdi. Zor-billah ilə növbə yaxınlaşanda, ödəniş edəndə məlum olurdu ki, kart işləmir. Gəl, müştəri, bu dəfə gəl, bu istidə gör nə edirsən? Nə edəcəksən ki, kassada çalışanlar sənə yol da göstərirdilər: bankomat bayırdadır, get, pul çək, gəl...
Bu dəfə isə bilmək olmurdu ki. cin səni vurdu, yoxsa sən cini. Nə etməli, pulun var, ödə, yoxdursa, yol aydındır.
Belə də dərd olar? Axı nə üçün “Araz”a hər girdiyimizdə problemlərlə üzləşməliyik. Nədir camaatın günahı ki, bu isti havada başına belə müsibətlər gəlir? Axı problem bir dəfə olar, deyərsən ki, iş olan yerdə çətinlik də ola bilər. Axı gün ərzində milyonlarla qazanc əldə edən belə böyük marketlər şəbəkəsinin bir filialında nə üçün bu cür problemlərlə üzləşməliyik? Həm də tər axıda-axıda.
Market yaxşı yerdə, yəni məhəllə sakinlərinin ən çox keçdiyi yol üzərində yerləşir. İnsanlar da nə etsin, yollarının üzərində olduğu üçün keçib ehtiyac olanları almaq istəyirlər. Lakin hər dəfə bu marketdən problem yaşamadan çıxmaq mümkün deyil. Odur ki, sualı olunur: “Araz”ın dərdi nədir? Çatışmayanı nədir, ki, işini qura bilmir?
Bir gün yanlış endirim, bir gün endirimli qiymətə olan məhsulun əvvəlki qiymətə satışı, bir gün kassa problemi, bir gün kart problemi, hər gün də içəridəki isti hava problemi.
Vallah, yenə deyirəm, başqa filiallarla nə işimiz, lakin adını çəkdiyimiz filialda “sən harada, “Araz” orada” deyilən bir şey yoxdur. “Araz harada, problem orada” məsələsi gündəmdədir ki, bu da müştəri itkisinə aparan çağırışdır.
Allah özü bizlərə səbir, “Araz” süpermarketin kollektivinə insaf versin ki, bu problemlərdən azad ola bilək. Bu market niyə işini qura bilməsin axı? Maraqlı budur...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB