Göygöldə alman izləri: Yeraltı şəhər

Göygöldə alman izləri: Yeraltı şəhər

19-cu əsrdə Qafqaza köçürülən alman ailələrindən 124-ü Yelenendorf yəni indiki Göygöl şəhərində məskunlaşıb. Şəhərin alman sakinləri tərəfindən burada 6 küçə salınıb, 500-dən çox ev tikilib. Bu gün də şəhərdə alman izlərinə memarlıq nümunələri ilə rast gəlmək mümkündür. Belə möhtəşəm memarlıq nümunələrindən biri evlərin altından yerləşən və “yeraltı şəhər”i xatırladan böyük zirzəmilərdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, media əməkdaşı Göygöl rayonunda şəhərin alman sakinləri tərəfindən inşa olunan bu zirzəmilərə baş çəkib, burada gedən restovrasiya və yenidən qurma işləri ilə tanış olub.

Turizm bələdçisi Raul Abbaszadə bu zirzəmilərdən ən böyüyünün şəhərin mərkəzi küçələrindən biri olan Homer küçəsində yerləşdiyini və 1380 kvadrametri əhatə edən 7 böyük zaldan ibarət olduğunu deyib: “1850-ci illərdə Avropadan Göygölə səfər edən tacirlər burada almanalar tərəfindən istehsal olunan şərabları çox bəyənirlər. Bundan sonra Göygöl şərablarının Avropa ölkələrinə və Çar Rusiyasına ixracı başlanır. İxrac çox olduğuna görə şərab zavodu inşa olunur və istehsal edilən şərabların saxlanması üçün bu cür əzəmətli zirzəmilər tikilir”.

Bələdçi bildirib ki, şərabın uzun müddət saxlanması üçün stabil hava tempraturu lazım olduğundan zirzəmilər vacib əhəmiyyətə malik olub. Burada havanın temperaturunun ilin bütün fəsillərində 16-18 dərəcə olması şərabın saxlanması üçün lazımi şərait yaradıb.

“Hündürlüyü 5 metrə çatan zirzəmilərdə təbii havalandırma sistemi də qurulub. Tavandan və divarların aşağı hissəsindən açılan hava dəlikləri vasitəsilə içəridə hava daim dövr edib. Həmçinin, burada şərab çəlləklərinin rahat daşınması üçün həm əllə, həm də elektrik enerjisi ilə işləyən lift quraşdırılıb,” – deyə R.Abbaszadə deyib.

Ötən ilin noyabr ayında aşkar olunan bu zirzəmilər elektrik enerjisi ilə təmin olunub. Hazırda zirzəmilərdə təmizlik və restovrasiya işləri gedir. Növbəti illərdə buranın turzim obyekti kimi şəhərin qonaqlarının və sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə