“Ağalıdan 3 övladımla çıxmışdım, 5 nəvəmlə qayıdıram” - REPORTAJ - FOTOLAR
Avqustun 11-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğaldövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 4-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə)çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.
Səs Media Qrupun əməkdaşları doğma yuruduna qayıdan Zəngilan rayon sakinlərininin təəssüratlarını öyrənib.
Zəngilan rayon sakini Validə Səmədova:
“Mən Ağalı kəndindən Bakıya gələndə 30 yaşım var idi. Şükr edirəm ki, mən bu günləri görə bildim. Yurdumuza qayıtmaq arzumuzu şəhidlərimiz, qazilərimiz və cənab Prezidentin sayəsində həyata keçirdi.
Bakıya gəldikdə 3 övladım var idi. Bu gün isə övladlarımla yanaşı 5 nəvəmlə birgə doğma yurduma qayıtdığım üçün çox sevincliyəm”.
Zəngilan rayon sakini İlqar Məmmədov:
“Kəndimizdən çıxanda 6 yaşında idim. Ona görə də evimizi, həyətimizi xatırlamaqda çətinlik çəkirəm. Lakin bu gün yenidən ora qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.
Anamgil artıq 1 il 1 aydır orada yaşayır. Bu gün isə mən yoldaşım və 2 övladımla doğma yurdumuza qayıdırıq”.
Zəngilan rayon sakini Raya Məmmədova:
“Bu gün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin apardığı siyasət və vətənpərvər ruhda böyüdülmüş şəhid və qazilərimizin sayəsində öz torpaqlarımıza qayıdırıq. Kəndimizdən çıxdıqda övladlarımızla gəlmişdik. İndi isə onlar da ailə qurublar və birgə yurdumuza qayıdırıq.
Mən Ağalıda məktəb direktor işləyirdim. Bakıya gəldikdən sonra isə 20 ilə yaxın müəllim kimi çalışdım, indi isə təqaüddəyəm və kəndimizə qayıtdığımız üçün çox sevincliyəm”.
Zəngilan rayon sakini Sahib Cəfərov:
“Mən Zəngilan rayonunun Ağalı kəndində anadan olmuşam. Orada yaşayıb, orada hərbi xidmətə getmişəm. Kəndimizdən çıxıb, Bakıya qayıtdıqdan sonra isə sürücü işləmişəm.
Bu gün çox xoşbəxtəm ki, mən doğulub, böyüdüyüm torpaqlara geri dönürəm. Cənab Prezidentə bizə bu sevinci yaşatdığı üçün minnətdaram”.
Zəngilan rayon sakini Heyran Nahıdova:
“Şükrlər olsun, öz el-obamıza qayıdırıq. Kəndimizdən çıxanda 30 yaşım var idi və yoldaşımla gəlmişdim. Çox təəssüf ki, bu gün onsuz qayıdıram. Yoldaşım rəhmətə gedib, bu gün isə yurdumuza övladlarımla qayıdıram. Orada hər şeyin daha yaxşı olacağına əminəm”.
Zəngilan rayon sakini Ramiz Abdullayev:
“30 il öncə biz çox pis vəziyyətdə kəndimizdən mənfur düşmən tərəfindən çıxarıldıq. Lakin indi öz vətənimizə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Çünki rəşadətli ordumuzun səyi nəticəsində doğma torpaqları işğaldan azad edilib. Bu gün qürur hissi ilə öz vətənimizə qayıdırıq”.
Zəngilan rayon sakini Nuray Qubadzadə:
“Mənim 7 yaşım var, 3-cü sinifdə oxuyuram. Bu gün babamın vətəninə gedəcəm. Buna görə də çox sevincliyəm. Qarabağ Azərbaycandır !”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB