“ÜST elektron siqaretlərin satışını məhdudlaşdırmağı tövsiyə edir” - QURUMDAN AÇIQLAMA VERİLDİ

“ÜST elektron siqaretlərin satışını məhdudlaşdırmağı tövsiyə edir” - QURUMDAN AÇIQLAMA VERİLDİ

“Elektron siqaret – tərkibində nikotin və aromatizatorlar olan buxar əmələ gətirən bir cihazdır. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var. Elektron siqaretin buxarı kiçik hissəciklərdən ibarətdir, o, tənəffüs yollarına dərindən nüfuz edir və dağıdıcı təsir göstərir, ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin, ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur”. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən SİA-ya verilən məlumata görə, elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik, onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır: “Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola bilər və onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər.

Həmçinin, eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynaya, o cümlədən vərəmin yayılmasına səbəb ola bilər. Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar.
Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir. Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan elektron siqaret əvəzinə, sağlam davranış variantlarını seçməlidir. Məsələn, idmanla məşğul ola və ya meditasiya edə bilər. Əsas məsələ – insanın fərdi motivasiyası olmalı və zərərli vərdişə yox deməyi bacarmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir. Elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqi, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verməsi bu kimi məhsulların marketinq üsullarından biridir. Tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi hallarının artmasını qeydə alır.
Bundan başqa, 2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirləri daha da gücləndirilib. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə