Arzu, istək, sevinc, fərəh dolu YOLLAR - REPORTAJ - FOTOLAR

Arzu, istək, sevinc, fərəh dolu YOLLAR - REPORTAJ - FOTOLAR

Ölkəmizin Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük tarixi hadisəsidir. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, icraçısı isə Müzəffər Azərbaycan Ordusu və Azərbaycan əsgəridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 9-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 93 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.

SƏS TV əməkdaşları doğma yurduna qayıdan Laçın sakinlərinin təəssüratlarını öyrənib.

Laçın sakini Arif Paşayev: "73 yaşındayam, həsrətlə bu günləri gözləyirdim. Nəhayət ki, Laçın qayıdırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Artıq Laçın azaddır. Bu gün də biz doğulub boya-başa çatdığımız yerlərə- Laçına qayıdırıq. Sevincimin həddi-hüdudu yoxdur. İşğaldan sonra ilk dəfədir ki, Laçına yollanırıq".

Laçın sakini Əbdül Cəfərov: "Otuz ildən artıq bir zamandır ki, torpaqlarımızdan uzaq düşmüşdük. Bu gün isə çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir. 32 yaşım olanda Laçından çıxarılmışıq. Laçına qayıtmağın sevincini sözlə təsvir etmək olmur.

Bizim üçün yaradılan şəraitlə görə dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edir, şəhidlərə rəhmət diləyirəm".

Laçın sakini Əli Vəliyev: "Bu gün qızım, böyük oğlum və mən Laçına gedirik. Doğma yurdumu yenidən görəcəyim üçün çox sevincli və həyəcanlıyam. Allaha şükürlər olsun ki, öz torpaqlarımıza gedirik. 30 ildən artıq müddətdən sonra öz yurduna qayıtmaq, orada yenidən yaşamağa başlamaq məni xoşbəxt edəcək. Gənclərə tövsiyə edirəm ki, daim torpaqlarımızın keşiyində dursunlar, onu qorusunlar".

Laçın sakini Səbinə Quliyeva: "Öz evimizə-elimizə qayıtmaq çox gözəl duyğulardır. Laçından çıxan vaxt 13 yaşım olub, 45 yaşında isə öz yurduma qovuşuram. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayır, dövlətimizə, bizim yurdumuza qayıtmağımızda əməyi keçən hər bir şəxsə təşəkkür edirəm. Şükürlər olsun, bütün arzu edənlər öz yurdlarına qovuşsunlar".

Laçın sakini Firuzə Həsənova: "Şəhidlərimizin, qəhrəman övladlarımızın qanı bahasına bu gün biz Laçına sevinə-sevinə qayıdırıq. Azad olunmuş torpaqlarımızda qəhrəmanlarımızın izi, qanı var. Laçını tərk edən zaman 46 yaşım olub. Həmin vaxt oğlum səngərdə döyüşüb. İndi isə veterandır. Kədərliyik. Yaxınlarımızı itirmişik, qardaşlarım vətən həsrəti ilə dünyadan köçüblər, şəhidlər vermişik. Buna baxmayaraq, sevinirik. Çünki doğma yurda qayıdırıq.

Bütün Azərbaycan bizim ana torpağımız, vətənimizdir. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah bir daha Azərbaycana müharibə göstərməsin".

Laçın sakini Təyyarə Teymurova: "Əhdim odur ki, torpağımı, qəbirlərimizi ayaqyalın ziyarət edim.

45 yaşında Laçını ağlaya-ağlaya tərk etmişəm. İndi isə 77 yaşımı 22 avqustda Laçında sevinə-sevinə qeyd edəcəyik.

Allah Prezidentimizin başını uca etsin, can-sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Azərbaycanımızı qorusun".

Laçın sakini Reyhan Zeynalova: “Bu günü bizə yaşatdığı üçün cənab Prezidentimizə dərin təşəkkür edirəm. Bu günləti bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə isə can sağlığı arzu edirik.

Laçından çıxanda çox gənc idik. 31 ilin hər gecəsini Laçının həsrəti ilə yaşamışıq. Bu gün isə sevinc və həyəcanla yurdumuza qayıdırıq. Allah bizə orada elə gözəl günlər nəsib etsin ki, Prezidentimizin və şəkidlərimizin çəkdiyi əziyyətlərin əvəzini verə bilək. Laçını əvvəlki gözəl günlərinə geri döndürəcəyik”.

Laçın sakini Emin Paşayev: “Bu günə şükür. Torpaqlarımıza qovuşuruq və çox sevincliyik. O gün olsun bütün yurdundan didərgin düşənlər bu günü yaşasınlar. Allah Prezidentimizin canını sağ etsin”.

Laçın sakini Elmira Abbasova: “Həm ayrılıq, həm də vətənə qayıdış. Bundan gözəl hiss yoxdur. Allah şəhidlərimizə rəhmət etsin. Onların ruhu qarşısında baş əyirik.

Laçına gedəndə ilk olaraq torpağımı öpmək istəyirəm. Əsas odur ki, qaçqın adı üstümüzdən götürülür”.

Laçın sakini Təranə Dadaşova: “Bu gün anamgil vətənə köçür. Laçın bizim üçün çox müqəddəsdir. Mən bütün şəhid ailələri və qazilərimizdən halallıq istəyirəm ki, gedib orada rahat yaşayaq. Allah ordumuzu qorusun”.

Laçın sakini Gülnar Dadaşova: “Mən əslən Laçınlıyam, amma Şuşa sakiniyəm. Qismət olsa bu torpaqlarda müəllim kimi çalışmaq istəyirəm.

Əlimizdən tutub gətirən atalarımız bu gün torpaq altındadır. Biz onları qəlbimizdə daşıyırıq. Bu günü şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərə rəhmət etsin, ordumuzu və xalqımızı qorusun. Bir də başımıza belə müsibətlər gəlməsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə