"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər: "Lakin əmək haqqı məsələsinə gəldikdə isə, bildirmək istərdim ki, ƏM-nə əsasən əmək haqqı dedikdə- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Yəni hərbi xidmətdə olduğu vaxt ərzində işçi işəgötürən üçün hər hansı əmək funksiyasını yerinə yetirmədiyi üçün ona hər hansı formada əmək haqqı hesablanmır.
Bundan əlavə qeyd etmək istərdim ki, hər bir Azərbaycan vətəndaşı müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində hər ay “əsgər maaşı” alır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB