"Mənim yaşadıqlarıma nəinki qadın, heç kişi belə dözməzdi" - MÜSAHİBƏ

"Mənim yaşadıqlarıma nəinki qadın, heç kişi belə dözməzdi" - MÜSAHİBƏ

Xocalı soyqırımı tariximizin ən faciəli səhifələrindən biridir. Soyqırımdan əvvəl Xocalının əhalisi yeddi min nəfərə yaxın idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə silahsız və müdafiəsiz şəhərə hücuma keçdi.

Bir gecədə Xocalı yerlə-yeksan edilib, 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil. 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək dəhşətli işgəncələrə və əziyyətlərə məruz qalıblar.

Xocalı əsirlərindən biri olan Dürdanə Ağayevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Qətliam gecəsini necə xatırlayırsınız? Necə oldu ki, əsir düşdünüz?

- İllər keçsə də, Xocalı faciəsi yaddaşlardan silinməyəcək. O gecə hər zaman bizim yaralı yerimiz olaraq qalacaq.

Xocalı faciəsinə qədər Xocalı rabitə qovşağında telefonçu işləyirdim. Hər dəfə zəng gələndə dəstəyi götürüb “üçüncü, buyurun” deyirdim. İndiyə qədər də rabitə sistemində çalışıram.
O gecə, fevralın 25-dən 26-na keçən gecə bütün şəhərə sükut çökmüşdü. O sükut saat 23:00-da pozuldu. Xocalıya ilk olaraq tank və topdan atəş açdılar. Xocalı dağıldı, evlər yandı, yerlə-yeksan oldu. Əhali məcbur Qarqar çayından keçib üzü Ağdam tərəfə irəliləməyə başladı. Xocalılar 5 il atəş altında yaşadılar, ancaq həmin gün Xocalını qoruya bilmədilər. Çünki Xocalıda hərbi texnika yox idi. Xocalıya hücum edən isə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı və erməni silahlı dəstələri idi. O gecə şəhəri qarət etdilər, xocalılara qarşı soyqırımı törətdilər. İnsan axını Xocalının Çətik meşəsinə axışdı. Buz kimi Qarqar çayını keçərək qarın üstündə yerimək insanları məhv etdi.

Həmin gecə qaranlıq yer yox idi. Evlərin və silahların işığı qaranlığı yarmışdı. Səhər saat 8-ə qədər Xocalıda döyüş getdi. Xocalılardan silah olmasa belə mərd oğullarımız çalışdı ki, qız-gəlinləri, körpələri qorusunlar. Bizə dəstək gəlmədiyi üçün ərənlərimiz məcburiyyət qarşısında qalıb Xocalını döyüşərək tərk etdilər.

- Əsirlik dövründə hansı işgəncələrə məruz qaldınız?

- Biz əsir götürüləndə 6-7 nəfər idik. Bizi Əsgəran polis idarəsinə apardılar və zirzəmiyə saldılar. Gördüm ki, orada 50-60 uşaq və qadın, yüzlərlə Xocalı kişiləri var. Rabitəçi olduğumu bildikdən sonra mənə işgəncə verməyə başladılar. 7-8 saat soyuq suda saxladılar, zəncirlə, kəmərlə, dubinka ilə döydülər, əllərimi qapının arasında qoyub sıxdılar, mənə növbənöv işgəncə verdilər. Mənim o yaşadıqlarıma nəinki qadın, heç kişi belə dözməzdi. İnanın ölmək istəyirdim, daha bu ağrıya, aclığa, soyuğa dözə bilmirdim, elə bildim ürəyim dayanır. Hiss etdim ki, nəbzimi yoxladılar, onun vurmadığını hesab edəndə isə məni çılpaq soyundurub küçəyə, düz zibil qutusuna atdılar.

- Əsirlikdən necə xilas oldunuz?

- Allahverdi Bağırovun ruhu şad olsun. O, 8 gündən sonra bizi ermənilərin əlindən aldı, işgəncələrdən qurtulduq. Bu gün onun sayəsində yaşayıram. Bir ömür mən onun ruhuna duaçıyam. Artıq səkkizinci gün məni əsirlikdən buraxdılar. Vitali Balasanyana üz tutdum, ona əsirlikdə kifayət qədər iztirab keçirdiyimi deyib xahiş etdim ki, qardaşımla birgə getməyimə icazə versin. Təəccüblü də olsa, o, etiraz etmədi. Karo Elşadı azadlığa çıxmazdan bir gün əvvəl yanıma gətirdi. Qardaşımı qucaqlamağa başladım, ayaqlarından öpdüm, Karo bunu görüb məni onun gözünün qabağında təpiklədi. Qardaşım heç nə edə bilməyəcəyini anlayırdı, gözlərindən yaş axırdı. O, məndən bir yaş balaca idi. Elə həmin gecə ilk dəfə olaraq rahat yuxuya getdim.

Səhəri gün bizi maşına mindirib Ağdama apardılar, çox həyəcan keçirirdim. Axı mən nəhayət anamı, qardaşlarımı və nənəmi görə biləcəkdim. Əvvəl anam heç məni tanımadı, mənə müraciət edərək "Mənim oradakı qızım necədir?" sualını verdi. Mən isə göz yaşları işində ona "Mən elə sənin qızınam" dedim.

- Bəs əsirlikdən sonra səhhətiniz necə oldu?

- Mən bugünkü gündə də Xocalı faciəsindən sonrakı əsirlik zülmlərinin altını çəkirəm. Şəkər xəstəliyi, nevroz, ürək-damar xəstəliyim var. Hazırda onurğam dəmirdən ibarətdir. İki ildir, ankoloji xəstəlikdən əziyyət çəkirəm. Vətənində keşiyində duran igid oğullarımız, dövlətimiz sağ olsun. Onların sayəsində biz bu gün qalib dövlətik. Vaxt gələcək ki, bütün Azərbaycan tamamilə ermənisiz olacaq. Mən son nəfəsimə qədər Xocalıdan, erməni vəhşiliyindən danışmağa hazıram. Necə ki, indiyədək dünyanı gəzib öz kitabımı tanıtdım, bundan sonra da davam edəcəm.

- 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?

- 2020-ci ildə 44 günlük müharibə başlayanda mən çox stress keçirdim. Mənim qorxduğum şey itkinin olmasıdır. Düşündüm ki, 35 ildə biz 25 mindən çox şəhid vermişik. 44 günlük müharibənin hər günü gözyaşı tökdüm. Hər şəhid xəbəri gəldikcə elə bil ürəyim parçalanırdı. Qorxdum ki, yenə erməniyə məğlub olarıq və gücümüz çatmaz. Amma düşündükcə Azərbaycanın güclü Ali Baş Komandanı və güclü ordusu, qeyrətli oğulları var, onda qələbəyə ümidim artırdı. Polad Həşimov şəhid olanda isə bir başqa sarsıntı keçirdim. Mən Murovdağda əsgərlərlə görüşə gedəndə onun çəkdiyi sudan içmişdim. Doğrudur, üzünü görməsəm belə adını çox eşidirdim.

44 günlük müharibə bizə qələbəni və torpaqlarımızı qazandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Amma bəzi kəndlərimiz var ki, hələ də azad deyil. O yerlərdə şəhid olan insanların ruhu hələ rahat deyil. Lakin Prezidentimizin apardığı siyasət nəticəsində biz o yerlərə də qayıdacağıq. Çünki ora bizim dədə-babalarımızın yurdudur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə