Pedofiliya: Uşaqları qorumalı olduğumuz təhlükə - SORĞU

Pedofiliya: Uşaqları qorumalı olduğumuz təhlükə - SORĞU

Bütün dünyada, eləcə də Azərbaycanda da ən böyül leqal və moral cinayətlərdən biri uşaqların cinsi istismarı - pedofiliyadır. Yetkinlik yaşına çatmış şəxslərin yetkinlik yaşına və ya həddi büluğa çatmamış uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. SİA bu mövzuda tanınmış ekspertlər arasında sorğu aparıb.

Hüquqşünas Şamil Paşayev yetkinlik yaşına çatmayanlarla nikaha daxil olma və cinsi əlaqə zamanı cinayət məsuliyyəti və tətbiq edilən cəzalar barədə danışıb: "Uşaq hüquqları haqqında konvensiyaya əsasən 18 yaş son yaş həddidir və bu yaşdan aşağı şəxslər uşaq, həddi büluğa çatmamış hesab olunur. Uşaqların nikaha daxil edilməsi insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan Konstitusiyasında konkret olaraq qeyd edilib ki, nikah könüllü bağlanır, tərəflərin iradəsinə əsasən olur. Yetkinlik yaşına çatan və ya çatmayan şəxslərin məcburi nikaha daxil edilməsinə yol vermək qanunsuz və əsassızdır. Zorla həyata keçirilən nikah cinayətdir. Eyni zamanda, yetkinlik yaşına çatan şəxsin belə arzulamadığı şəxslə məcburi ailə qurması qanunla qadağan edilir.

Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsinə görə qadının nikaha daxil olmasına məcbur etmək cinayət hesab edilir. 176-1.2-ci maddəyə görə isə nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə araşdırılır və cinayət hesab edilir. Yetkinlik yaşına çatmayan şəxsi nikaha cəlbetmə valideynlər tərəfindən icra edilsə belə cinayətdir.

Həddi büluğa çatmayann qızı nikaha daxil olmağa məcburetmə 3000 manatdan 4000 manata qədər cərimə, 4 ilədək azadlıqdan məhrum etməylə cəzalandırılır və məcbur edən şəxsin atası və ya anası olmasının da heç bir əhəmiyyəti yoxdur.

Həddi büluğa çatmamış şəxslərlə nikaha daxil olan şəxslər də məsuliyyəti anlamalıdır ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu cəza şəxsin yetkinlik yaşına çatmayan qızı həyat yoldaşı kimi qəbul etməsi halında da keçərlidir. Könüllü olsa belə 14 yaşına çatmayan uşaqlarla cinsi əlaqə zamanı 3 ildən 6 ilə qədər müddətinə azadlıqdan məhrumetmə ilə cəza verilir.

16 yaşına çatmayan şəxslərlə cinsi əlaqə o vaxt cinayət məsuliyyəti yaradır ki, zərərçəkmiş şəxslə əməli törədən şəxs arasındakı yaş fərqi 2 ildən çox olur".

Psixoloq Fuad Əsədov pedofiliya qurbanlarının yaşadığı travmalar, eyni zamanda, uşaqları hədəf alan pedofillərin davranışları barədə danışıb, xüsusilə də valideynlərə xəbərdarlıq edib: "Pedofiliya inan psixologiyasına həddindən artıq çox zərər verən bir şeydir çünki söhbət uşaqlara qarşı edilmiş uyğunsuz və zərərli davranışlardan söhbət gedir. Bu zərərli davranış cinsi istiqamətdədir. Bir fakt qeyd edim ki, 5-7 yaş aralığındakı uşaqlar, hətta bəzən 4 yaşındakı uşaqlar ən çox pedofiliyaya məruz qalanlardır. Çünki pedofillər də bilirlər ki, uşaqlar bu dövrdə onlara nə edildiyini anlamırlar və qorxurlar, digər tərəfdən pis bir şey olduğunu başa düşsələr də tam olaraq nə olduğunu bilmirlər, utanırlar, valideynlərə də demirlər. Pedofillər də eyni zamanda, uşaqları çox asanlıqla qorxuda bilirlər, manipulyasiya edirlər, heç kimə deməməyi tapşırırlar. Bəzi hallarda pedofil uşağın özünü atası da ola bilər, öz övladına bu davranışı sərgiləyən şəxs “atayam, ataya qarşı çıxmaq olmaz, atanın sözünə qulaq asmaq lazımdır” kimi sözlərlə də uşağa bir növ "mənəvi borc" yükləyir, uşaq səsini də çıxara bilmir. Narahat olan uşaq digər tərəfdən buna qarşı çıxmağın yanlış olduğuna inanır, zərər görməyə başlayır, psixologiyası, təsəvvürləri, dünya haqqındakı düşüncə strukturu dağılmağa başlayır.

Pedofiliyaya məruz qalan uşaq böyüyüb başına gələnləri anlayandan sonra da bunu qəbul edə bilmir, yaşamaqda çətinlik çəkir, özünü çirklənmiş, ləkələnmiş, istifadə olunmuş hiss edir, özünü tərk edilmiş, sevilməyən, dəyərsiz olaraq görməyə başlayır. Burada istənilən tipdə psixoloji pozğunluq yaranmağa başlayır. Uşaqlıq dövründə də bundan narahat olduqları üçün özlərinə qapanma, depressiya, panik pozuntular və s. kimi psixoloji problemlər baş verir. Böyüyüb başına gələnləri dərk etdikdən sonra isə daha çox əzab çəkməyə başlayırlar.

Pedofillər ailə daxili olanda öz qurbanlarını “əminin sözündən çıxma”, “dayının sözündən çıxma”, “nə problem var ki, biz ata-övladıq” və s. kimi uşağa “mənəvi borc” yükləyərək onları manipulyasiya edirlər. Yad insanlar isə məsələn, uşağı öz sevdiyi məşğuliyyətə apararaq manipulyasiya edirlər, qurbanı olacaq uşağı seçib həmin uşağa hədiyyə verirlər, məktəb çıxışı onlarla oynayırlar, istədikləri yerə aparırlar və uşağın rəğbətini, güvənini qazanırlar. Daha sonra uşağı tək başına qala biləcəyi yerlərə aparırlar və ondan sonra öz niyyətlərini həyata keçirirlər. Bəzən bu, sadəcə öpmə, toxunma tərzində olur, bir çox hallarda isə konkret təcavüz formasında olur.

Uşaqları pedofillərdən qorumaq üçün ilk növbədə onlara üstü örtülü şəkildə məlumat vermək, uşaqları öyrətmək lazımdır. Uşaqlar bilməlidirlər ki, pis insanlar var və onlara zərər verə bilərlər. Uşaqlara tapşırmaq lazımdır ki, kimsə onlara narahatlıq verərsə valideynlərə demək lazımdır, zərər gördükləri anda qışqırmaq lazımdır. Məsələn, kimsə yolda uşağın qolundan tutub aparır, o zaman uşaq qışqırıb kömək istəməli, “mən bu adamı tanımıram” cümləsini deməlidir. Çünki bəzən küçədə bir böyüyün uşağı məcbur dartıb apardığını görəndə insanlar düşünə bilər ki, uşaq dəcəllik edib və qarışmayacaqlar. Uşaq “mən tanımıram, mənə kömək edin” qışqırarsa digər insanlar köməyə gələcəkdir. Uşaqlara öyrətmək lazımdır ki, yad, tanımadığı insanların əlindən konfet kimi yeməli heçnə götürməsin. Çünki onun içində yuxu dərmanı, hətta narkotik vasitə də ola bilər. Eyni zamanda, uşaqlarla ailə parolu təyin edilməlidir. Məsələn, yad insan uşağa yaxınlaşıb “məni sənin atan göndərib”, “səni atanın yanına aparacam” deyə bilər. Bu məqamda uşaq həmin adamdan ailə parolunu sorşacaq və valideyni tapşıran adama demiş olmalıdır. Ailə şifrəsi hər sözdən ola bilər.

Ən önəmli məsələlərdən biri də, uşaqların şəklini, şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşmamaqdır. Çünki pedofillərin əksəriyyəti məhz sosial şəbəkələrdən qurbanlarını tapırlar, seçirlər. Müəyyən uşağın ailəsini, yaşadığı yeri, oxuduğu məktəbi öyrənə bilərlər. Hətta uşağın şəxsi əşyalarının üstünə məsələn, su, yemək qabının üstünə uşağın adını yazmamağa da diqqət etmək lazımdır. Valideynlər bəzən əşya itəndə asan tapılması məqsədilə bəzən ünvan da yazırlar, lakin bu itən əşya pis məqsədləri olan adamların da əlinə keçə bilər. Bu cür şeylərə xüsusilə diqqət etmək lazımdır.

Uşaqlara öyrətmək lazımdır ki, istisnasız heç kim onlara toxuna bilməz. Xüsusilə çiyin, əllər, ayaqlar, qarın bölgəsi, bel hissələrə heç kimin toxunmasına icazə vermək olmaz. Sadəcə valideynlər uşaqları yuyanda, çimdirəndə toxuna bilər. Bu istisna hallarından başqası isə olmaz. Kimsə toxunan zaman isə uşağa qışqırıb və uzaq durmağı öyrətmək lazımdır".

Sosioloq Lalə Mehralı isə pedofiliya və yaş fərqi ilə evlənən cütlüklərin fərqindən danışıb, bunların fərqli anlayışlar olduğunu izah edib, maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb: "Bəzən pedofiliya və aralarında yaş fərqi olan cütlüklərin ailə qurması məsələlərini qarışdırırlar. Pedofiliya yetkinlik yaşına (həddi büluğa) çatmamış uşaqla evlənmək və ya münasibətə girməsidir. Amma arasında yaş fərqi olan cütlüklərin evlənməsi pedofiliya sayılmır – məsələn, 25 yaşında qadının 40 yaşında olan kişi ilə ailə qurması pedofiliya deyil, çünki hər ikisi həddi büluğa çatmış şəxslərdir. Bu da şəxsi seçimdir. Pedofiliya isə həddi büluğa çatmayan insanların istismarıdır. Azərbaycanda da belə hallar var, buna erkən nikahları da misal göstərmək olar. Çünki Azərbaycanda erkən nikaha məcbur edilən qızların əksəriyyəti özündən 10-15 yaş böyük kişilərlə izdivaca məcbur edilirlər. Buna görə də fikrimcə, bununla bağlı aparılan maarifləndirmə, məlumatlandırma işləri yetəri qədər deyildir. Ailələr pedofiliyanın nə olduğunu bilmirlər və ya bəsit formada bilirlər, etinasız yanaşırlar. Bu səbəbdən bu mövzu yaxşı və ciddi formada araşdırılmalı, ölçü götürülməlidir. Bəzən sadəcə maarifləndirmə, məlumatlandırma işlərindən kifayətlənirlər və məsuliyyətə cəlbedilmə işləri o qədər də geniş tətbiq edilmir. Halbuki pedofiliya halları zamanı cinayət işi açılmalı, cəza verilməli və bu cür hallar baş verərsə nə olacağı, nə ilə nəticələnəcəyi barədə cəmiyyətə məlumat verilməlidir. Məlumatlandırılma yüksək səviyyədə olmalıdır ki, insanlar əməllərinin nəticəsinin nə olacağını bilsinlər".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə