Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Dünyanın hansı ərazisində yaşamasına baxmayaraq soydaşlarımızın ünsiyyət vasitəsi olan dilimiz böyük inkişaf yolu keçib, müxtəlif təziqlərə məruz qalsa da, öz tarixi bağlılığını qoruyub saxlamışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məqsədiylə 9 avqust 2001-ci il tarixində 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü olması haqqında fərman imzalamışdır.
Dili ilk öncə onu təmsil edən xalq yaşadır və gələcək nəsillərə ötürüb çatdırır. Dilin tərəqqisi milli müstəqillik ideyalarına sadiq olan, siyasi mövqeyi və qətiyyəti ilə millətin tarixinə daxil olan liderin adı ilə bağlı olur. Xalqın siyasi iradəsini özündə əks etdirən Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında iftixar və qürurla dediyi sözləri xatırlatmaq istərdim-"Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var". Eyni zamanda Ulu Öndər Heydər Əliyevin dilimiz haqqında bütün nəsillərə örnək olan çıxışını qeyd etmək lazımdır-"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir".
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rol oynamışdır. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu
ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində böyük rol oynayır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB