"Dövlətimiz Azərbaycan dilinin inkişafı üçün ciddi qərarlar qəbul edib" - DEPUTAT ŞƏRH ETDİ

"Dövlətimiz Azərbaycan dilinin inkişafı üçün ciddi qərarlar qəbul edib" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan əlifbası və ana dili günü Ümummilli liderimizin xalqımıza bəxş etdiyi bayram günlərindən biridir. Belə bir günün təsis edilməsi çox tarixi bir şəraitdə baş verib. 2001-ci il avqustun ayının 9-da Ana dili və əlifbası günü təsis olunub. O zamanlar latın əlifbasına keçid prosesi intensiv şəkildə həyata keçirilirdi. Artıq 10 il idi ki, bu proses təxminən öz keyfiyyət həddinə çatmaqda idi. Bu əlifbanın tərəfdarları ilə yanaşı əleyhdarları da var idi. Düşünürdülər ki, biz kiril əlifbasında qalmalı və ya ərəb əlifbasına keçməliyik. Amma Ulu Öndər Azərbaycanın həmişə zəngin olmuş, geniş imkanları olan milli dilçilik təfəkkürünün aparıcı nümayəndələri ilə məsləhətləşmələri nəticəsində və özünün modern beynəlxalq standartların nəzərə alındığı tədbirləri əsasında hüquqi olaraq latın əlifbasına keçidi təmin etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni əlifbaya keçid prosesi xeyli dərəcədə təbii şəkildə aparıldı: “Təbii ki, əlifbaya keçiddə ən mühüm məsələ və ən məsuliyyətli sahə orta məktəblərin latın əlifbasına keçididir. 90-cı illərin əvvəlindən başlayaraq bu prosesin gedişində tədricən dövlət idarələri də latın əlifbasına keçməyə başladı. İşin keyfiyyətli gedişi Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra baş verdi. Çünki 90-cı illərin əvvəllərində qərar qəbul edildi, latın əlifbasına keçid üçün dövlət bir iradə göstərdi. Amma bunlarla yanaşı, xeyli problemlər də ortaya çıxdı. Həm əlifbanın kifayət qədər mükəmməl olmaması, həm bu dəyişikliyə cəmiyyətin hazırlanmaması, həm də dövlət strukturlarının özündə bu məsələyə münasibətlə bağlı ciddi problemlər var idi. Ona görə də əslində, latın əsaslı Azərbaycan əlifbasına keçidin də müəllifi Ulu Öndər idi. Beləliklə, öncə orta məktəblər, ardınca dövlət idarələri, sonda isə kütləvi informasiya vasitələri latın əlifbasına keçirildi. Bununla da yeni əlifba epoxası başa çatdı”.

Deputat sözlərinə davam edərək bildirib ki, yeni Azərbaycan əlifbası günü Ana dili günü ilə birlikdə qeyd edilir: “Ona görə ki böyük tarixi olan bir dil yeni əlifbaya keçib. Doğrudur, biz ötən əsrin 20-ci illərinin ortalarından 30-cu illərin sonuna qədər latın əlifbasına keçmişdik. Lakin bu dəfəki əlifba ondan bir qədər fərqli idi.

Qeyd etdiyimiz kimi, 1 avqust həm də Azərbaycan dili günü kimi qeyd olunur. Azərbaycan dili beynəlxalq hesablamalara görə dünyanın inkişaf etmiş 23-cü dilidir. 50 milyondan çox əhali bu dildə danışır. Bizim Cənubi Azərbaycan kimi böyük bir potensialımız da var. Lakin orada Azərbaycan dilinin lazımi səviyyədə işlədilməsi və ədəbi dilimizin inkişafı problemdir. Çünki orada təhsil, mətbuat, media və s. yox dərəcəsindədir. Buna baxmayaraq dünyanın çox yerlərində ana dilimizin inkişafı üçün Azərbaycan dövləti xeyli iş görür. Ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət rəhbərlərimiz dünyanın bir çox beynəlxalq qurumlarında, ən mötəbər tribunalarında Azərbaycan dilini səsləndiriblər. Bu da bizim dilimizin beynəlxalq miqyasını göstərir. Azərbaycan dili ən müasir, zəngin və inkişaf etmiş türk dillərindəndir. Nəhayət, Azərbaycan dövləti ana dilin inkişafı üçün çox ciddi qərarlar qəbul edib. Bütün bunlar Azərbaycan dilinin zənginliyini və qorunmasını təmin edir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə