Şəhid Zaur Nizami oğlu İsmayılzadənin 20 iyul tarixdə 28 yaşı tamam odu
Qaş qaralan vaxt idi. Sevil ananın ürəyi təlatüm içində idi. Oğlu Zaurun işdə olduğunu bilsə də, ürəyindəki narahatlıqdan əli-ayağı heç işə yatmırdı. Günortadan bəri dilinə su, çörək dəyməmişdi. Ana ürəyində götür-qoy edirdi: ”Müharibənin başlanmasından çaş-baş qalmışam. Bir tərəfdən uzun illər düşmən tapdağında qalmış torpaqlarımızın azad olunmasına çox sevinir, digər tərəfdən isə müharibənin insanlara gətirəcəyi fəlakətləri bildiyimdən çox üzülürəm, ürəyim ağrıyır. Amma haqq işimiz uğrunda müharibəni başlamışıq. İnşəallah, qələbə bizim olacaq. Zaur, onsuz da, evin tək oğludur, yəqin ki, onu müharibəyə aparmazlar. Yaxşı, bu uşaq harda qaldı?”
Sevil ana masanın üstündəki mobil telefonu götürdü, nömrəni yığıb telefonu qulağına yaxınlaşdırdı.
– Zaur, harda qaldın, niyə gecikirsən?.. Nə?.. Sənin Tərtərdə nə işin var? Səni ora kim göndərib? Qayıdırsan? Yaxşı, tez gəl, səni gözləyirəm.
Zaur gecənin bir aləmində gəlib çıxdı. Ana döyüşdən gəlmiş kimi oğlunu qucaqlayıb doyunca öpdü. Zaur müharibənin başlanması xəbərini eşidən kimi dostu ilə birbaşa Tərtər rayonuna gedib bombardman nəticəsində zərər çəkənlərə kömək etdiklərini, döyüşən hissələrə yazılmaq istədiklərini, lakin götürülmədiklərini, səfərbərlik şöbələri ilə xidmətə gələ biləcəklərini dediklərini, bu səbəbdən də sabah səhər tezdən hərbi qeydiyyatda olduğu Lənkərana gedəcəyini anasına nəql etdi. Sonda isə bunu dedi:
– Ana, sən də, atam da uzun illər hərbiçi olmusuz. Mən sizə baxıb hərbi işi seçdim. Bir neçə il müddətdən artıq hərbi qulluqçu oldum. Axı, torpaqlarımızı azad etmək hər birimizin ən böyük arzumuz olub. İndi bu fürsət yaranıb. Mən necə kənarda qala bilərəm? Məni xeyir-dua ilə yola sal. Gedim, qələbə xəbəri ilə geri dönüm.
Sevil ana inadkar oğlunun istəyinə qarşı dura bilməyəcəyini anladığından gücünü sakitcə göz yaşına verdi. Səhəri dirigözlü açdılar. 28 sentyabr səhər saatlarında Zaur artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin qarşısında idi. Adını siyahıya yazdıranda ona deyildi ki, sabah yola düşürsən. Həmin gecəni ana vətəni olan İstisu qəsəbəsində qaldı. 29 sentyabrda cəbhəyə yola düşən Zaur bir qrup əsgərlə Ağcəbədi rayonundakı təlim mərkəzində xidmətə başladı. İki gündən sonra isə Zaurun olduğu tabor artıq Füzuli rayonunun azad olunması uğrunda döyüşlərə qatılmışdı.
Şəhidin anası Hüseynova Sevil Talıb qızının dediklərindən:
– Zaurun atası Nizami İsmayılovla Cəlilabad rayonu, Göytəpə şəhərindəki MN-nin “N” saylı hərbi hissədə birgə xidmət etmişik. Nizamı gizir, mən isə tibb bacısı idim. Biz ailə qurandan sonra 1995-ci ildə oğlumuz Zaur və 1996-cı ildə isə qızımız Xavər dünyaya gəldi. Nizami ilə ailə həyatımız 2005-ci ilə kimi davam etdi. Uşaqlarımı mən tək böyütdüm. Qızım ailə həyatı qurdu. Özüm isə 2015-ci ildə təqaüdə çıxdım. Zaur hərbidən ayrılandan sonra 2018-ci ildə Bakı şəhərinə köçdük. Mən özüm Birinci Qarabağ müharibəsinin veteranıyam, döyüşlərdə iştirak etmişəm. Vətənin, vətənpərvərliyin nə olduğunu yaxşı bildiyimdən oğlumun müharibəyə getməsinə mane ola builmədim, heç ola da bilməzdim.
Zaur İsmayılzadə əvvəlki hərbi həyatında altı aylıq kəşfiyyatçı kursu keçdiyindən döyüşlərdə kəşfiyyatçı kimi iştirak etmişdir. Kəşfiyyatçı işinin çətinliklərini hərbidə olanlar yaxşı bilirlər. Kəşfiyyatçılar hərbi hissənin məlumat bazası hesab olunurlar. Onlar hərtərəfli hazırlıqlı olmalı, döyüş fəndlərini yaxşı mənimsəməlidirlər. Məhz onların verdiyi məlumatlar əsasında əməliyyat planları hazırlanır, şəxsi heyətin döyüş mövqeyi müəyyən edilir və həyata keçirilir.
Döyüş yoldaşları ilə Füzuli rayonun əksər kəndlərində kəşfiyyatçı kimi mühüm tapşırıqlar icra etmiş, ağır döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini şəxsən məhv etmişdir. Oktyabr ayının ilk üç günündə hər gün zəng edib anası ilə danışsa da, sonrakı üç gündə ondan heç bir xəbər olmamışdır.
Zaur Nizami oğlu İsmayılzadə 20 iyul 1995-ci ildə Lənkəranın Girdəni kəndində anadan olmuşdur. Ailəsi Cəlilabad rayonu, Göytəpə şəhərində yaşadıqlarından Zaur 2001-ci ildə Göytəpədəki 1№-li orta məktəbin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir.
15 iyul 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılan Zaur hərbi xidmətini Balakən rayonundakı “N” saylı sərhəd qoşunlarının hərbi hissəsində keçmişdir. 2015-ci ilin yanvar ayında ordu sıralarından tərxis olunsa da, 2018-ci ilə qədər müqavilə ilə MN-nin Ağcəbədi rayonundakı “N” saylı hərbi hissəsində MAXE- müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etmişdir. 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir.
Ordudan tərxis olunduqdan sonra 2018– 2020-ci ilin oktyabr ayına kimi Bakı şəhərindəki “Qafqaz” mühafizə xidmətində mühafizəçi işləmişdir.
29 sentyabr 2020-ci ildə qismən səfərbərliklə əlaqədar yenidən ordu sıralarına qatılmışdır. Füzuli rayonun düşmən işğalından azad olunması əməliyyatlarında cəsur kəşfiyyatçı kimi iştirak etmiş, açıq döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv etmişdir.
6 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Oktyabrın 9-da Lənkəran rayonu, İstisu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
Subay idi. Evin tək oğlu olub.
Şəhid İsmayılzadə Zaur Nizami oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sevil Hüseynova deyir:
– Dördüncü günü, yəni oktyabrın 6-da Zaurun həmişə zəng etdiyi mobil nömrəyə zəng vurdum. Əsgər cavab verdi. Zaurun anası olduğunu deyəndə bildirdi ki, Zaur balaca yaralanıb, qospitala apardılar, narahat olmayın vəziyyəti yaxşıdır. Bu xəbəri eşitcək ürəyim ağzıma gəldi, az qala havalanam. Əlaqələrimdən istifadə edib hərbi qospitallara zəng vursam da, oğlumdan heç bir xəbər tuta bilmirdim. Rayonlarda, Bakıda elə bir qospital, xəstəxana qalmadı ki, ordan oğlumu soraqlaşmayım. Məcbur olub Beyləqan rayon prokuroru olan qohumumuz vasitəsi ilə oğlumu axtarmağa başladım, lakin bunun da faydası olmadı.
Sevil ana susur. Bir anlıq göz yaşlarına qərq olur. Azacıq sakitləşəndən sonra sözünə davam edir:
– Demə, oğlum zəng etdiyim gün – oktyabrın 6-da ağır yaralanıbmış. Çoxlu qan itirdiyindən Hacıqabuldan olan əsgər yoldaşından xahiş edib ki, üşüdüyü üçün üstünü örtsün. Əsgər öz gödəkçəsini çıxarıb onun üstünə sərir və oğlum həmin vəziyyətdə qospitala aparılarkən yolda keçinir. Gödəkçənin üstündə Hacıqabullu əsgərin ad-soyadı olduğundan onu həmin rayona aparıb dəfn ediblər. Hüzr məclisinin 3-cü günündə həmin əsgər evinə zəng vuranda bütün ailəsi şoka düşür. Məlum olur ki, dəfn olunan əsgər Lənkərandan olan Zaur İsmayılzadədir. Rayon səfərbərlik şöbəsi vasitəsi ilə Lənkərana xəbər veriləndən sonra Zaurun meyidini Hacıqabuldan götürüb Lənkərana gətirdik və doğulduğum İstisu qəsəbəsinin qəbiristanlığında dəfn etdik. Bu da mənim dünyadan nakam getmiş oğlumun taleyi...
Sevil ananın için-için ağlamasına dözmək mümkün olmadığından bir az sakitəşməyini gözləyirəm. Sonra növbəti sualımı verirəm:
– Sevil xanım, sizə bir az qəribə səslənən sual vermək istəyirəm. Oğlunuz Zauru yaxşı tanıyırdınızmı?
– Oğlum da olsa, deyərdim yox, yaxşı tanımamışam. Onun barəsində yas məclisinə gələnlərdən çox şey öyrəndim. Zaur mənim düşündüyümdən də artıq səmimi, ürəyiyumşaq, rəhimli, səxavətli, kimsəsizə əl tutan, ən başlıcası, son dərəcə vətənpərvər imiş. Sonradan bilmişəm ki, hər 8 mart bayramında və uşaqların beynəlxalq müdafiə günündə Zaur gül-çiçək, oyuncaq alıb Şəhidlər Xiyabanına gedir, gətirdiklərini orda dəfn olunan Xocalıdan olan 5 yaşlı (1987-1992) qızın qəbri üstünə qoyurmuş. Avqust hadisələrində yaralanmış qaziləri qospitallarda ziyarət edir, onların qulluğunda dayanmağa çalışırmış. Köməksiz insanlara, şəhid ailələrə pay aparırmış. Ağcabədi rayonundan olan talessemiyalı xəstə olan bir azyaşlı qıza bir neçə dəfə qan veribmiş. Pandemiya dövründə belə Ağcabədiyə gedib uşağa qan verib qayıdıbmış. Həmin qız valideynləri ilə Zaurun hüzr məclisində iştirak edəndə bunu bilmişəm.
– Sevil xanım, son sualım. Zaurun nə kimi arzuları var idi?
Sevil xanımın çöhrəsinə kədərə bürünmüş bir təbəssüm qonur:
– Cavan oğlan idi deyə, arzuları da sonsuz idi. Keçən ilin yayında Zaur bəyəndiyi, sevib evlənmək istədiyi qızı mənə nişan verdi. Sevincim yerə-göyə sığmırdı. Şükür Allaha ki, oğlumun ailəsi olacaq, mən də nəvələrimi böyüdəcəyəm, çəkdiyim bütün ağrı-acılar canımdan çıxacaq, – deyə fikirləşdim. Həmin qızın evinə getdim, gəlinimi, ata-anasını gördüm. Hər şey ürəyimcə oldu-qızın ailəsinin razılığını alıb evə qayıtdım. Yəqin ki, pandemiya bitdikdən sonra xeyir işimizi edəcəkdik. Amma sən saydığını say, gör fələk nə sayır. Oğlumun da, mənim də bütün xəyallarımız puç oldu. Həyatı kimi arzuları da yarımçıq qaldı .
– Sevil xanım, düz deyirsən. Şəhidimizin həyatda çox arzusu yarımçıq qaldı, sevgilisinə qovuşa bilmədi, ata sevincini yaşamadı. Amma onun ən böyük arzusu çin oldu. Müzəffər Ordumuz uzun illər düşmən tapdağında olan əsir qalmış torpaqlarımızı azadlığına qovuşdurdu. Zaurun həyatı yarımçıq qaldısa da, Vətəni bütövləşdi. Siz və sizinkimilər gözü yaşlı qaldınızsa da, Vətənimizin gözləri güldü. Bu sevinci bizlərə yaşadanlar arasında isə Zaur İsmayılzadə və onun kimi şəhid olmuş qəhrəman oğullarımızın möhtəşəm payı vardır.
Sevil xanım dikəlir, məğrur görkəmdə bu sözləri dediyini eşidirəm:
– Mənim və mənim kimi anaların da təskinliyi elə bundadır! Övladı Vətən üçün böyüdürük. Düz deyiblər ki, torpaq uğrunda ölən varsa, Vətəndir!
Qafar CƏFƏRLİ
Lənkəran şəhəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB