Taksi sürücüləri və sakinlər qiymət artımını necə qarşıladı? - SORĞU

Taksi sürücüləri və sakinlər qiymət artımını necə qarşıladı? - SORĞU

Taksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür – qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək və s. Bir müddət bundan öncə taksi qiymətləri kifayət qədər aşağı olsa da, yeni qərara əsasən, yaxın məsafəyə ən aşağı qiymət 2 manat 50 qəpikdən başlayır. Bəs, görəsən taksi sürücüləri və şəhər sakinləri bu barədə nə düşünür? SİA mövzu ilə bağlı sorğu keçirib.

Taksi sürücüsü Kənan Mikayılov: “Yeni qərara görə sadəcə yaxın məsafəyə qiymət artımı olub. Uzaq məsafələrə isə taksi qiymətləri çox ucuzdur. Yalnız sərnişinləri deyil, sürücüləri də düşünmək lazımdır. Əslində, qiymət artımı çoxdan olmalı idi. Bu qiymət artımı nəinki yaxın məsafə, uzaq məsafəyə də tətbiq olunmalıdır. Düşünürəm ki, qiymətlər oktyabr ayına kimi yüksəlməyə davam edəcək. Hələ ki yeni qiymət tarifinin sifarişlərə təsiri yoxdur. Sifarişlərin sayı həmişə olduğu kimidir. Kimin ehtiyacı varsa, onsuzda taksidən istifadə edəcək”.

Taksi sürücüsü Zaur ismayılov: “Vallah bu qiymət artımı mənə heç sərf etmədi. Həftənin birinci günündən etibarən sifarişlər azalıb. Ancaq dünən bir dəfə uzaq məsafəyə - Hövsana getmişəm. Yaxın məsafəyə qiymət artandan bəri insanlar taksi sifariş etmirlər. Təbii ki, taksi şirkətlərində də həm sifariş sayı, həm də qiymət baxımından fərq var. Onu da düzgün seçmək lazımdır”.

Taksi sürücüsü Könül Orucova: “Qiymət artımı var desələr də, istər yaxın, istərsə də uzaq məsafəyə qiymətlər çox aşağıdır. Qiymətlərin qalxması həqiqəti əks etdirmir. 10 km məsafəyə 2 manat 50 qəpik pul yazır. Bu nə deməkdir? Tutaq ki, uzaq məsafəyə sifariş təyin edilir. Həmin sərnişini gedib götürməyə də benzin sərf edirik. Daha sonra həmin sərnişini A nöqtəsindən B nöqtəsinə çatdırmaq üçün xeyli məsafə qət edirik. Məsələn, bura bir sərnişini gətirmək üçün 25 km yol gəlmişəm və qiymət 4 manat 50 qəpik yazıb. Dünən sifarişlər ümumiyyətlə, sıfır idi. Bu gün heç olmasa, bir neçə gediş etmək mümkün olub. Lakin qiymətlərdəki dəyişiklik sifarişlərə təsir göstərib”.

Taksi sürücüsü İbrahim Muradov: “Bu, qiymət artımı sayılmır. Məsələn, taksi şirkəti 7 km məsafəni normalda 2 manat 50 qəpik hesablayır. Mən hazırda Əmircandan bura, yəni şəhərin mərkəzinə 5 manat 30 qəpiyə gəlmişəm. Əgər 7 km məsafəyə 2 manat 50 qəpik yazırsa, o zaman mənim gəldiyim məsafəyə görə 8 manata yaxın pul yazmalıydı. Belə artım olur? Sadəcə bir küçədən digər küçəyə qədər olan məsafəyə qiymət artımı olub. Qiymət ucuz olanda sifariş edirdilər, amma indi bahalaşdığı üçün pul vermək əvəzinə qısa məsafəni də piyada gedirlər. Ona görə də sifariş sayı azalır”.

Paytaxt sakini Əlibaba Məlikov: “Yeni qiymətlərdən xəbərim var. Düzü, mən çox taksidən çox istifadə etmirəm. Ona görə də bu dəyişiklik mənim üçün bir o qədər fərq etmədi. Lakin istər-istəməz hər bir sahədə qiymət artımı əhalinin narazılığına səbəb ola bilir. Bu da normal haldır. Çünki getdikcə hər şey bahalaşır və indiki zəmanədə əməkhaqqı kifayət etmir. Kimisə qınamaq olmur”.

Paytaxt sakini Esmiralda Həsənova: “Əvvəlcə avtobus və metrolarda gedişhaqqı qalxdı. İndi isə taksi qiymətlərinə artım oldu. Havalar istidir, piyada yol gedəndə adamın istidən ürəyi sıxılır. Avtobus və metroların da hamısında kondisoner işləmir yaxud əlimizdə ağır əşyalar olur. Yəni, istər-istəməz taksiyə ehtiyac duyuruq. Doğrudur, sürücülər də çörək pulu qazanır. Amma sərnişinləri də düşünmək lazımdır”.

Paytaxt sakini Ramin Əliyev: “Düzdür, qiymət artımlarını xoş qarşılamıram. Amma bu, gözlənilən idi. Çünki taksi sürücülərindən də eşitdiyim qədəri ilə qiymətlər çox ucuz idi. Onları da başa düşmək lazımdır ki, pul qazanırlar. Onsuzda hər şeyin qiyməti qalxır. Taksilərdə də qiymətin qalxması təəccüb doğurmur”.

Paytaxt sakini Salman Əliyev: “Pis çıxmasın, artıq bu qiymətlərin artmasından yorulduq. Heç nəyə pul çatdırmaq olmur. Sərnişini də düşünmək lazımdır. Guya bu xarici taksi şirkətlərinə müraciət edirdik ki, heç olmasa az xərcimiz çıxsın. İndi onlarda da qiyməti qaldırırlar. Bilmirsən ki, nədən yapışasan. Nəyə əl atsaq, onu bahalaşdırırlar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə