Hicab - Əsalət, yoxsa Əsarət? - AYDINLIQ GƏTİRİLDİ

Hicab - Əsalət, yoxsa Əsarət? - AYDINLIQ GƏTİRİLDİ

“Təkallahlı səmavi dinlərin hər birində qadınların geyim forması var. İslamda da qadınlara məxsus geyim forması mövcuddur. Qadın uzunqollu, ətəyi uzun, bədən əzalarını biruzə verməyən paltar geyməli, baş örtüsü taxmalıdır. Bu səmavi dinlərin tələbidir. Dini inanclı insanlar, xüsusilə də qadınlar birmənalı olaraq bu geyim qaydasına riayət etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, islam dinində namaz qılan zaman qadın mütləq hicab bağlamalıdır: “Hicab ərəb dilindən “örtünmə” deməkdir. Örtünmənin də qayda və formaları var. Qadının geyimi qeyri-adi cəlbedici olmamalıdır. İslamda qadının geyimi öz məhrəmi üçün istənilən formada və rəngdə ola bilər. Naməhrəmə qarşı isə qadın bu sərhədləri mütləq gözləməlidir. Amma heç bir qadını kimsə hicaba məcbur edə bilməz. Hətta ailə qurduğu insan belə qadını hicab geyinməyə məcbur etməməlidir. Dinimiz buna icazə vermir. Müsəlman əqidəsinə söykəniriksə, övladlarımıza dininin tələbində olan qadın üçün geyim formalarını başa salmalıyıq. Həddi-bülluğa çatdıqdan sonra könüllü surətdə buna riayət etmək onların ixtiyarındadır. Nəinki hicaba, o cümlədən, namaza və oruc tutmağa da ətrafımızdakı heç bir qadını məcbur edə bilmərik”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, birmənalı olaraq islam dinində məcburiyyət yoxdur: “Eyni zamanda, biz demokratik ölkədə yaşayırıq. İnsanlar geyiminə, həyat tərzinə, etiqad etdiyi dinə görə azaddır. Kimsə digərinə bu məsələlərdə zor tətbiq edə bilməz. İstər xristian, istər yəhudi, istər müsəlman, hətta dini inancı olmayan insanlar belə Azərbaycanda eyni hüquqa malikdir və hər kəs bir-birinə hörmətlə yanaşmalıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə