Laçına köç edən sakinlər sevinclərini SƏS TV İLƏ BÖLÜŞDÜ - REPORTAJ-FOTOLAR

25 iyul tarixində Böyük Qayıdışın növbəti mərhələsi baş tutub. Laçının daha 19 ailədən ibarət 89 sakini doğma yurduna yola düşüb. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Laçına yola düşən sakinlər təəssüratlarını SƏS TV ilə bölüşüb.

Laçın sakini: "Sevincimin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının qarşısında belə vətən oğulları yetişdirdikləri üçün baş əyirəm. Mən Laçından 4 övladımla gəlmişdim, indi isə övladlarımın birini evləndirib onun həyat yoldaşı və övladları ilə qayıdıram. Lakin əfsuslar olsun ki, valideynlərimi itirmişəm və onlarsız qayıdıram. Allah ordumuza, Prezidentimizə can sağlığı versin. Tikdiyim ocağa, evə qayıdıram. Amma həyəcanlıyam. Gələndə 35 yaşım var idi, bu gün isə 65 yaşım var, qocalıb qayıdıram".

Laçın sakini: "30 il bundan əvvəl Laçından körpə 6 uşaqla çıxmışam. İndi isə nəvələrim böyüyüb. Allah Prezidentimizə, ordumuza, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin analarının qarşısında baş əyirəm. Onlar olmasa, biz bu günü yaşaya bilməzdik. Sevincimin həddi-hüdudu yoxdur".

Laçın sakini: "Çox sevinirəm ki, Laçına, vətənimə gedirəm. Anamgil həmişə Laçının necə gözəl yer olduğundan danışırdı. Mənə elə gəlir ki, ora daha da gözəldir".

Bakı sakini: "Mən köçməsəm də, bu gün bibimi yola salıram və çox həyəcanlıyıq. İnşallah Laçında görüşmək ümidi ilə. Düzdür, çox darıxacayıq, amma bugünkü günü bizə yaşatdığı üçün Ali Baş Komandan cənab Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Biz o torpağı görməmişik, valideynlərim isə Şuşadandır. Çox böyük həsrətlə gözləyirik ki, o torpaqlara qədəmlərimizi qoyaq. İnşallah həmin gün də bizə qismət olar. Bu gün bibimi yola saldığıma görə həm çox həyəcanlı, həm də sevincliyəm. Çünki 30 ildir ki, ondan Laçın, Laçın eşitmişəm və bugünkü gün onlar da Laçına qovuşduğuna görə çox sevinirəm. Bütün gedənlərə yaxşı yol deyirəm. Orada görüşmək ümidi ilə".

Laçın sakini: "Çox sevincliyəm, sevincimizi bilmirəm necə göstərim, göstərmək mümkün deyil. Bunu yaşayan bilər. Allah gəncləri qorusun, Prezidentimizə can sağlığı versin. Belə bir ölkənin prezidenti qarşısında nəinki erməni xalqı, heç bir xalq, dövlət heçnə edə bilməz. Laçına getdiyim üçün bəxtəvərlərin bəxtəvəriyəm".

Qeyd edək ki, Laçın sakinləri işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə