"Aşura günü" hansı əməllər icra olunur? - DİQQƏT! - QURUM RƏSMİSİ DANIŞDI
"“Aşura günü" əzəmətli gündür. İslam tarixində 680-cı ilə qədər "Aşura günü" tanınıb. Hətta bəzi tarixi mənbələr bizə onu çatdırır ki, Adəm Peyğəmbərin tövbəsinin qəbulu "Aşura günü"nə təsadüf edir. Eyni zamanda, Nuh Peyğəmbərin gəmisindəki canlıları qurtarması da "Aşura günü"nə düşür. Bu kimi bir çox tarixi hadisələr həmin gündə baş verib. Amma İslam tarixində əməvi xəlifəsi Yezid İraqın Kərbəla ərazisində Peyğəmbərin sevimli nəvəsi İmam Hüseyn və onun ailəsinə qarşı soyqırımı törətdi”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, Peyğəmbərin ailəsinə qarşı atılan bu addım müsəlman tarixində iz qoyub: “Ona görə də İmam Hüseyn faciəsini araşdıran dünya insanı bəşəriyyətin qurtuluşu və haqqın qələbəsi tarixini öyrənmiş olur. Şəhidlər sərvəri İmam Hüseyn dünyaya öz şəhadəti ilə çatdırır ki, sən haqsansa, ədalət carçısısansa, öz mübarizəndə canını versən belə qələbə çalmış olarsan. Demək olar ki, o vaxta qədər tarixdə belə hadisələr baş verməmişdi. Yezid var-gücü ilə ört-basdır etməyə çalışsa da, Kərbəla hadisəsi bütün dünyaya yayıldı. Çünki bu hadisə İslam Peyğəmbəri və onun ailəsinə qarşı törədilmişdi. Bununla da Yezid dünyada rüsvay oldu”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, azadlıq sevən xalqlar öz müqəddəratını həll etmək üçün İmam Hüseyn məktəbindən böyük dərs alıblar: “Azərbaycan da bu məktəbi öyrənmiş xalqdır. 44 günlük müharibəmizdə, ümumilikdə tariximizdə nə qədər mübarizələr olubsa, hər birində İmam Hüseyn məktəbindən öyrənilənlər tətbiq olunub. Xalqımızın igidləri torpaqları, azadlıqları uğrunda canını fəda etmiş, lakin nəticədə qələbə qazanmışdır. Bir sözlə, İmam Hüseynin mübarizəsi şərəfli bir yoldur.
"Aşura günü"ndə insanlar məclislərə qatılır, dualar oxuyur, ibadətlər yerinə yetirirlər. "Aşura günü"ndə tam şəkildə oruc tutmaq bəyənilmir. Yəni, kimsə həmin gün oruc tutubsa onu Zöhr namazına qədər tamamlamalı, iftar etməlidir. Peyğəmbər hədisdə buyurur ki, başqa əqidə sahiblərinə oxşamayın, ya Aşuradan bir gün öncə, ya da bir gün sonra oruc tutun. Aşura günündə yoxsullara hər hansı bir formada ehsan paylamaq, yaxşılıq etmək lazımdır. "Aşura günü"ndə nə qədər yaxşı əməllərlə məşğul olsaq, bir o qədər savab əldə edərik. Ən böyük savab isə İmam Hüseynin tarixini öyrənərək Peyğəmbərin qoyduğu yolu yaşatmaqdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə