Körpəsini zibilliyə atan valideyinlərə ictimai qınaq necə olmalıdır? - SORĞU

Körpəsini zibilliyə atan valideyinlərə ictimai qınaq necə olmalıdır? - SORĞU

Uşaq səsinə həsrət qalan ailələr övladları olsun deyə bütün var-yoxlarını verməyə hazırdırlar. Amma bəzi valideynlər uşaqları küçələrə, zibil qutularına atır, uşaq evlərinə verirlər. Uşaq evlərinə verilməni haradasa başa düşmək olar, o mənada ki, imkanı olmayan valideyn çıxış yolunu uşağı dövlətin himayəsinə verməkdə görür. Amma acınacaqlı hal uşaqların zibil qutularına, yol kənarlarına atılmasıdır.

Xəbər verdiyimiz kimi 4 gün bundan öncə Bakıda 10-15 günlük körpə küçəyə atılmışdı. Əraziyə dərhal təcili tibbi yardım çağırılaraq körpənin həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılması təmin olunub. SİA məsələ ilə bağlı ekspertlərin fikrini alıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: “Azərbaycanda sosial şəbəkələrdə ara-sıra atılmış uşaqlarla bağlı məlumatlar dolaşır. Bunun nəticəsində isə cəmiyyətdə nə qədər atılmış uşaq olduğu fikri formalaşır. Amma əslində isə Azərbaycanda uşaqların atılması faktı azdır. Uşaq hüquq müdafiəçisi kimi məsələ hər zaman mənim diqqətimdə olur.

Uşaqların küçəyə atılmaması üçün ilk növbədə qadınlara dəstək proqramlarının artırılması, sosial şəbəkələrdə təşviqat xarakterli məlumatlandırma kampaniyaları aparılmalıdır ki, xanımlar özlərinin müdafiəsi üçün hara və necə müraciət etməli olduqlarını bilsinlər. Mütləq şəkildə bu istiqamətdə sosial şəbəkə üzərindən məlumatlandırma kampaniyaları aparılmalıdır.
Qadınların uşaqlarını küçəyə atmasının müxtəlif səbəbləri ola bilər. Amma ən azından zibilliyin uşağın beşiyinə çevrilməsinin qarşısını almaq lazımdır. Buna görə də xəstəxanaların yaxınlığında “baby box”ların yaradılmasına çox böyük zərurət var. Bu zaman ora atılan uşaqların ən azından həyati təhlükəsi azalar”.

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu cür hadisənin baş verməsi təsadüfi deyil, bu məhz cəmiyyətdə gedən proseslərin nəticəsidir. Təəssüf ki, artıq bizim cəmiyyət övladını küçəyə atan xanımlar yetirir. Bu o deməkdir ki, cəmiyyət içərisində mənəvi dəyərlər lazımi səviyyədə təlqin edilmir. Tarix göstərir ki, mənəvi dəyərlərə münasibətin zəif olduğu cəmiyyətlər təhlükə saçır.

Hazırda ölkədə humanitar siyasətin dəyişməsinə ciddi şəkildə ehtiyac var. Təhsil sistemində bu məsələlər üzrə maarifləndirmə işlərinə böyük yer verilməlidir. Bu dəqiqə valideynlərin maariflənməsinə böyük ehtiyac var”.

Bütün xəbərlər Facebook səhifəmizdə