Cərimələrin artırılması hansı dəyişikliyə səbəb olacaq? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
Prezident İlham Əliyev 17 iyul tarixində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Bu dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarı artırılıb.

Bəs gəlin görək, yeni qanun layihəsi qəzaların azalmasına necə təsir göstərəcək? Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli SİA-ya danışıb: “Sürücülərlə bağlı yeni tətbiq edilən dəyişikliklər zərurətdən formalaşıb və məsuliyyətin dərinləşməsi üçün edilib. Belə ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün qanunvericilikdə məsələlərin mahiyyətinə yenidən baxılması qaçılmaz idi. Çünki edilən dəyişikliklərin hamısı kobud qayda pozuntuları üzərində aparılıb və elə həmin qayda pozuntularına münasibətdə İnzibati Xətalar Məcəlləsində sanksiyalar sərtləşib ki, həmin qayda pozuntuları birbaşa ölümlə, ağır yol-nəqliyyat hadisələri ilə nəticələnən bütün hadisələrin əsas səbəbləridir. Məsələn, hərəkət sürətini artıran sürücülərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinin 1-ci və 2-ci hissəsinə dəyişiklik edilməyib. Yəni 10 və 50 manatlıq cərimələrdə heç bir dəyişiklik yoxdur, lakin 328-ci maddənin 3-cü və 4-cü hissəsində dəyişiklik edilib. Bu, o deməkdir ki, bu qədər sürəti artırıb nəqliyyatı idarə edən şəxsin hərəkətlərinin nəticəsi yalnız ağır fəsadlarla yekunlaşa bilər.
Narkotik vasitələrin təsiri altında idarəetmə ümumi sərxoşluq fonunda olan hissədən çıxarılıb və ayrı maddə kimi təsis edilib. Çünki narkotik vasitələr aludəçilik yaradır, onun təsiri altında nəqliyyat vasitələrini idarə edən şəxs islah olunmalıdır və bu proses daha fərqli formada yanaşma tələb edir. Buna görə də qanunvericilikdə həmin hissədə dəyişiklik edilərək yeni maddə təsis olunması kifayət qədər vacib yanaşma idi. Biz bunu uzun müddətdir aidiyyəti qanunvericilik orqanı qarşısında qaldırmışdıq, bu problemləri əsaslandırıb qanuna dəyişikliklər təklif etmişdik. Bu məsələlərə münasibət elmi-texniki, beynəlxalq təcrübə və mövcud vəziyyət dəyərləndirilməkə, yeni ayrı maddə kimi təsis edildi. Narkotik və psixatrop maddələrin təsiri altında avtomobil idarə etmək olduqca təhlükəli nüans idi və buna da yenidən baxıldı. Cəmiyyətdə müzakirələri istənilən formada aparmaq olar lakin həqiqət və əsl reallıq odur ki, biz yollarda həyatını və sağlamlığını itirən insanların taleyinə biganə qala bilmərik. Qaydalar pozulmadığı təqdirdə onun sanksiyası nə qədər artırılsa da heç kim buna görə narahat olmamalıdır. Qaydaları pozmayıb qanunun aliliyini dərk edən istənilən şəxs üçün bu cür dəyişikliklərin heç bir əhəmiyyəti yoxdur. Qanunlara hörmət etməyən özünü və ətrafını təhlükəyə atanlar isə yəqin ki bir daha düşünməli və məsuliyyətli olmağa çalışmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB