Meşə və yaşıllıqları yanğından qoruyaq - AKTUAL

Meşə və yaşıllıqları yanğından qoruyaq - AKTUAL

Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 1 saylı Regional
ETSİ-nin əməkdaşı

Son zamanlar havaların çox isti keçməsi ilə əlaqədar yabanı otların quruması nəticəsində meşələr, yol kənarında əkilmiş ağaclar və digər yaşıllıq sahələri üçün ciddi yanğın təhlükəsi yaranır. Elə buna görə də yerli təşkilatlar tərəfindən yanğın əleyhinə qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Ölkəmizdə baş verə biləcək yanğınlar həm məsul şəxslərin, həm də hər bir insanın son dərəcə diqqətli olmasını və öz işinə daha məsuliyyətli yanaşmasını tələb edir.

Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanmaması nəticəsində kənarda baş verə biləcək yanğınlar meşələrin ərazisinə keçir və yanğına vaxtında müdaxilə edilmədiyi üçün daha ciddi problemlərə səbəb olur.
Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış küllü miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol, və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir.

Həmçinin meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.

Bütün bunları sadalmaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyi, meşəbərpa işlərinin taleyüklü bir məsələ olduğu, ən əsası isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyi həmişəkindən daha vacibdir.

Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə insanların maariflənməsi əsas şərtlərdən biridir. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.

Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, çör-çöplərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılmalıdır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilməlidir.

İsti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq çox təhlükəlidir. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin də köməyinə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla profilaktik söhbətlər aparılmalıdır.

Havaların çox isti və quraq keçməsi taxıl və yaşıllıq sahələrində yanğın təhlükəsini daha da artırır. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və yaşıllıqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini xahiş edir.
Təəssüf ki, bəzi sahibkarlar və fermerlər çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmirlər. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar. Nəticədə torpaqlar ildən-ilə məhsuldarlıqdan düşür və eroziyaya prosesi güclənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Meşə Fondunun qorunması tədbirləri haqqında” 21 avqust 1995-ci il tarixli 188 saylı qərarına əsasən, mülkiyyətində meşə və kolluqlar olan bütün hüquqi və fiziki şəxslər meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümi işlərlə əlaqədar odla ehtiyatlı olmalı, yanğın təhlükəsizliyi qaydalarına riayət etməli və meşələrimizi, torpaqlarımızı qorumalıdırlar.

Yuxarıda qeyd etdiyimiz kimi yanğınların çoxu odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, yemək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir.
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.

Yanğın zamanı alçaqboylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı yavaşıyır. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizimlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafında “Odla ehtiyatlı olun”, “Söndürülməmiş siqareti yerə atmayın”, “Meşəni oddan qoruyun” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.

Məlum olduğu kimi, ölkəmizə turist axını ildən-ilə çoxalır. Həmçinin gənclərin və uşaqların istirahəti, maraqlı tədbirlər və yay düşərgələri turist zonasında təşkil olunur. Belə tədbirlər zamanı meşədə tonqal yandırılması yalnız Regional Meşə Təsərrüfatı Mərkəzlərinin müəyyənləşdirdiyi xüsusi yerlərdə təşkil olunmalıdır.
Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün yer hazırlanmalıdır.

Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin qurumuş ağac və budaqlardan təmizlənməsi, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.

Yay mövsümünün başlanması ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Kənd Təsərrürafatı Nazirliyinin, “Azəriqaz” İatehsalat Birliyinin, “Azərenerji” ASC-nin və Lənkəran Şəhər İcra Hakimiyyətinin iştirakı ilə “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq” mövzusunda Lənkəran şəhərində H.Əliyev mərkəzində müşavirə keçirilmişdir. Məruzə və çıxışlarda bir daha qeyd olunub ki, istiləşmənin başlayacağı tədqirdə meşələrdə yanğın təhlükəsizliyinin qorunması günün ən vacib məsələsidir. Təbii ki, bu sahədə maarifləndirici və qabaqlayıcı tədbirlərin görülməsi ilə bərabər yanğın əleyhinə mübarizədə geniş əhali kütləsi də xüsusi fəallıq göstərməlidir.

İstiləşmənin başlanması ilə əlaqədar ölkə ərazisində artıq yanğın təhlükəsizliyi tədbirlərinə başlanılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun olaraq bölgələrdəki yerli qurumlarda xüsusi iş qrafiki tutulub, növbətçilik cədvəli tərtib olunub. Müntəzəm olaraq yerli dövlət qurumları, bələdiyyələr, Kənd Təsərrürafatı Nazirliyinin yerli qurumları, fermerlər və geniş əhali kütləsinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilir.

Meşələri yanğından qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə kompleks təbliğat işləri aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işləri aparmaqla yanaşı, əyani vəsaitlərdən - plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar.
Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə böyük ziyan vurur. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Təəssüf ki, dünyada bu cür ekoloji fəlakətlərə ciddi yanaşmırlar. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki, işğal edilmiş ərazilərimizdə ermənilərin həyata keçirdikləri “yandırılmış torpaq” siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün planetimizə təsir edir. Burada ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Ancaq dünya ictimaiyyəti nə qədər laqeydlik göstərsə də, Azərbaycan xalqı, dövlətimiz bu məsələni daim diqqət mərkəzində saxlayır.

Məlum olduğu kimi Azərbaycan meşə fondu az, lakin flora və faunası ilə zəngin olan ölkələr sırasına daxildir. Elə buna görə də, biz meşələrimizi göz bəbəyi kimi qorumalı, ondan səmərəli istifadə etməliyik. Təəssüf ki, bu, həmişə belə olmur. Gizli deyil ki, son illərdə respublikada meşə ərazilərində bəzən tikinti işləri də aparılır, habelə meşələrə məxsus torpaqlar həyətyanı sahələrə, yaşayış evlərinin tikintisinə verilir. Qeyd edək ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkədə bağçılığı, meyvəçiliyi inkişaf etdirmək üçün verdiyi sərəncamdan çox yerlərdə sui istifadə edilir. Meşə ərazisində mövcud olan nadir və qiymətli ağacların kütləvi qırıntısı hesabına sitrus bağları salınır. Sual olunur, sitrus bağları üçün ayrı yer seçmək olmazdımı? Meşələri məhv etməklə salınan sitrus bağları təbiətə xəyanətdən başqa bir şey deyil. Təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə mənfi hallara qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır.

Apardığımız araşdırma zamanı məlum oldu ki, yanğın təhlükəsizliyi ilə bağlı bütün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının bütün kollektivi səfərbərliyə alınıb. Artıq bir sıra qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Qızılağac və Hirkan Milli Parklarında bütün stasionar mühafizə postları qurulub, ilkin yanğın ocaqlarının söndürülməsindən ötrü yanğınsöndürən balonlarla təchiz olunub, parklarla həmsərhəd yaşayış məntəqələri arasında dəmir konustruksiyalı dirəklərə bərkidilən, tövsiyə xarakterli və maarifləndirici lövhələr quraşdırılıb, eyni zamanda könüllülərdən ibarət xüsusi dəstələr yaradılıb.

Təbiət tükənməyən sərvət olsa da laqeydlik, etinasızlıq və nəzarətsizlik ucbatından o, tükənə və hətta məhv ola bilər. Qeyd edək ki, təbiət insansız yaşayır, amma insan təbiətsiz yaşaya bilmir. Elə buna görə də təbiət qarşısında hər bir vətəndaş öz məsuliyyətini hiss etməlidir. Ana yurdumuzun gözəlliklərini qorumaq və artırmaq hamının borcu olmalıdır. Təbii ki, bu borcun yerinə yetirilməsində yanğınlara qarşı ciddi mübarizə aparmaq az əhəmiyyət daşımır. Elə buna görə biz hamılıqla vətəndaşlıq, təbiət təəsübkeşliyi mövqeyindən çıxış edərək yanğınlara, təbii sərvətlərin göz görə-görə məhv olmasına yol verməməliyik. Yəni hardasa yanğın hadisəsi üçün azca da olsa şərait yaranıbsa, oradan laqeyd və etsinasız keçmək olmaz. Bununla əlaqədar ya aidiyyəti qurumlar dərhal məlumatlandırılmalı ya da öz şəxsi təşəbbüsü hesabına yanğın təhlükəsi qabaqcadan aradan qaldırılmalıdır. Çünki, meşələr həyatımızdır. Gəlin həyatımızı yanğından qoruyaq!

Bütün xəbərlər Facebook səhifəmizdə