"Ailə institutunda xoşagəlməz dəyişikliklər baş verir" - SOSİOLOQ DANIŞDI

"Ailə institutunda xoşagəlməz dəyişikliklər baş verir" - SOSİOLOQ DANIŞDI

“Valideynlər uşaqlarına ona görə hövsələsizdirlər ki, cəmiyyətdə bizim istədiyimiz və ya istəmədiyimiz bir çox dəyişikliklər baş verib. Lakin bu dəyişiklikləri nəzərə almaq istəmirik. Belə bir vaxtda ailə institutunun özündə xoşagəlməz dəyişikliklər baş verməkdədir. Bunun nəticələri də göz qabağındadır. 2014-cü ildən başlayaraq boşanmaların sayı sürətlə artmaqdadır. Tez-tez ailədaxili qətl hadisələrinin də şahidi oluruq. Hətta bu cinayətlər yalnız ər-arvad deyil, ata-oğul, iki qardaş və s. kimi ailə üzvləri arasında da baş verir. Təbii ki, cəmiyyətdə dəyişiklik olmalıdır. Bütün ölkələrdə belə dəyişikliklər baş verir. Bizim problemimiz ondadır ki, bu dəyişikliklərlə bağlı adekvat olaraq işlər görmürük”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, cəmiyyətin mürəkkəbləşdiyi bir zamanda ailə institutu başlı-başına buraxıla bilməz: “Ailələrlə bağlı müəyyən işlər görülür. Amma bu işlər metodoloji baxımdan düzgün aparılmır. 20-30 il bundan öncə ailə problemləri ilə bağlı hansı işlər görülübsə, ona oxşar işlər görülməyə çalışılır. Elm deyir ki, cəmiyyətdə yaranan problemlərin həlli üçün məsələni dərindən bilən mütəxəssislər tərəfindən xüsusi fəaliyyət proqramları, texnologiyalar hazırlamaq lazımdır. Hər bir cəmiyyətin öz xüsusiyyətlərini nəzərə alaraq ailə problemlərini həll etmək üçün hökmən məxsusi fəaliyyət proqramı hazırlanmalıdır. Ölkəmizdə bu işlərə əhəmiyyətsiz bir şey kimi yanaşırlar. Ailə məsələlərini həll etmək üçün əvvəlcə onun hansı funksiyalarının olması barədə düşünmək lazımdır. Düşünməliyik ki, ailə cəmiyyətə faydalı olsun deyə nə edə bilərik”.

Sosioloq sözlərinə davam edərək bildirib ki, valideynlərin uşaqlarına qarşı hövsələsiz olmasına yalnız bir səbəb göstərmək düzgün olmaz: “Səbəblərin biri odur ki, indiki valideynlərin ailə barədə təsəvvürləri 30 il bundan qabaqkı valideynlərdən çox zəifdir. O vaxt evlənən bilirdi ki, qarşıda onu nə gözləyir, ailədə hansı vəzifələri, məsuliyyətləri var. İndi isə ailə haqqında fikirlər yayğındır. Bu səbəbdən valideynlərdə etinasızlığın səviyyəsi yuxarıdır. Eyni zamanda, valideynlər cəmiyyətdə o qədər problemlərlə rastlaşırlar ki, tam olaraq ailələrinə fikir verə bilmirlər. İstər sosial şəbəkələr, istər seriallar olsun, bütün bunlar insanın psixologiyasına təsir edən amillərdir. İnsanların davranışına təsir edən dörd mühüm amil var. İnsanın öz fitrəti, yaşadığı mühitdə baş verənlər, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər bu amillərə daxildir. Xalq düşünür ki, bizim fitrətimiz eynidir. Amma düşünmür ki, yaşadığımız mühitdə gedən proseslər, dəyişikliklər də bizə təsir edir. Həmçinin bizə lazım olan informasiyalar çatdırılmır. İndiki dövrdə mənəvi dəyərlər bir qədər arxa plana keçib və maddi dəyərlər daha önəmli rol oynayır. Bu da valideynlərin davranışında özünü göstərir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə