Dondurma və şirin meyvələr necə qəbul edilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

Dondurma və şirin meyvələr necə qəbul edilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Havaların kəskin istiləşməsi ilə əlaqədar olaraq bir çox xroniki xəstəlikləri, immun sistemi zəif olan insanlar, yüksək təzyiqdən əziyyət çəkən insanlarda daha həssas reaksiyalar olur. Bu insanlarda gün ərzində baş ağrıları, yuxusuzluq, hormon balansının pozulması ilə əlaqədar olaraq depressiv hallar müşahidə edilir. Buna görə də yaxşı olar ki, havanın ən isti saatlarında mümkün olduğu qədər günəş şüaları altında olmamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, mütləq şəkildə günlük qidalanmada su qəbuluna diqqət edilməlidir: “Yaxşı olar ki, hər gün ən azı 2 litrə yaxın su qəbul edilsin. Əgər şəxs tərləməyə məruz qalırsa və ya artıq çəkilidirsə, bu zaman bu miqdarı biraz artırmaq olar. Qəbul edilən su soyuq olmamalıdır. Çünki isti havada birdən-birə qəbul olunan soyuq su orqanizmdə, xüsusilə də həzm sistemində iltihablaşmaya səbəb olur. Bu isə gələcəkdə ciddi problemlərə gətirib çıxarır. Bəzən insanlar rəngli, qazlı şirələrə üz tuturlar. Hansı ki, bu tamamilə yolverilməzdir. Çünki həmin içkilər insanın susuzluğunu yatırtmır və insan orqanizminə faydası yoxdur.

Mütləq şəkildə yeni hazırlanmış qidalar qəbul edilməlidir. Həddindən artıq çox qızardılmış, ağır, yağlı qidalardan və turşulardan uzaq durmaq lazımdır. Eyni zamanda gün ərzində daha gümrah olmağımız üçün daha tez həzm edilən qidalara üstünlük verilməlidir. Dondurmalar, şirin meyvələr də yeməklə birlikdə qəbul edilməməlidir. Əks halda şişkinlik və köp yaradacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə