“Övladlarınızın fiziki ehtiyaclarından çox emosional ehtiyaclarını qarşılayın” - PSİXOLOQ DANIŞDI
“Bəzən valideynlər düşünür ki, uşağın hər istədiyini etməsək bu onun psixologiyasına pis təsir edər, hətta travma yarada bilər. Ancaq, bu doğru yanaşma üsulu deyil. “Mən istəmişəm olmayıb, amma uşağım bunu yaşamasın” kimi düşüncədə olan və övladlarının hər istədiyini etməyə çalışan valideynlər də var. Belə valideynlər qeyd etdiyim kimi, davamlı öz uşaqlığındakı problemləri xatırlayır və uşağının onları yaşamaması üçün hər istədiyini edir və “yox” kəliməsini deyə bilmir. Belə ki, valideynlər özləri də fərqində olmadan övladlarının hər istədiyini edərək narsist, kaprizli uşaqlar yetişdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi,
Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib. 
Onun sözlərinə görə, sonrakı mərhələlərdə belə uşaqların cəmiyyətə adaptasiyası, insanlarla münasibəti və s. kimi məsələlərdə problemlər üzə çıxır: “Belə uşaqlar “yox” kəliməsini bilmədikləri üçün gələcək həyat dönəmlərində insanlarla münasibətində və ya məsələn iş yerində hər hansı problemlə qarşılaşdıqda və həmin proses onların istədikləri kimi olmadıqda onlarda insanlara, cəmiyyətə qarşı aqressiya yaranmağa başlayacaqdır.
Eyni zamanda vurğulamaq lazımdır ki, uşaq kaprizləri də tez-tez rast gəlinən hallardandır. Belə ki, valideynlər uşağı kapriz edir, israrçı davranış nümayiş etdirdiyinə görə valideynlər hər istədiklərini edirlər. Uşaqların aqressiv davranışları, etiraz nümayiş etdirmələri, həddindən artıq israrçı davranışları hətta bəzən əşyaları, oyuncaqları sındırmaları, atmaları və s. kaprizlərin ən çox görünən hallarıdır. Bəs valideynlər bu halda nə etməlidir? Uşaq kaprizləri isterik reaksiyadır, yəni uşağın istədiyini göstərmək, əldə etmək üçün ifadə etdiyi bir davranış formasıdır. İsterik reaksiya nümayiş etdirən uşaqlar göz kontaktına və səsə qarşı çox həssas olurlar. Bu halda valideynlər iki qrupa bölünür: belə ki, bəzi valideynlər uşaqları belə bir hal yaşadıqda onlara qarşı aqressiv davranır, əsəbiləşir, hətta bəzən cəzalandırır.
Digər qrup valideynlər isə əksinə onlara sevgi, qayğı ilə yaxınlaşırlar. Psixoloqlar isə qeyd edir ki, əslində valideynlərin bu iki davranış şəkli də yanlışdır və bu uşaqların isterik reaksiyalarını azaltmır, sadecə müvəqqəti dayandırır. Müəyyən müddətdən sonra bu situasiya təkrarlana bilir ki, bu da göründüyü kimi problemin həlli yolu deyil. Kaprizli uşaqlar gələcəkdə cəmiyyət daxilində sosiallaşma problemi yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. İsterik davranışların ən müsbət çıxış yollarından biri valideynlərin hökmlü davranış sərgiləməsidir. Yəni, nə aqressiv, nə də yumuşaq davranış deyil, daha çox orta mövqe tutmaq lazımdır. Adətən isterik tutmalar 7-10 dəqiqə dəqiqə aralığında olur. Belə situasiyada valideynlər maksimum dərəcədə göz kontaktı qurmadan məkanı dəyişdirməli və baş verənlərə çox reaksiya verməməyə çalışmalıdırlar. Yalnız isterik,kaprizli vəziyyət bitəndən sonra valideynlər uşaqlarının yanlışlarını onların anlayacağı, həzm edəcəyi şəkildə izah etməyə başlamalıdır. Psixoloqlar həmçinin valideyn tərəfindən cəza tədbirlərinin görülməsini də məsləhət görürlər. Bütün bunları təbii ki, növbəli şəkildə icra etmək lazımdır. Bu halda uşaqlar səbəb-nəticə əlaqəsi qurmağa başlayacaq və niyə cəza aldığını anlamağa çalışacaq. Beləliklə, zamanla bu hallar azalmağa və təkrarlanmamağa başlayacaqdır.
Son olaraq vurğulamaq istərdim ki, valideynlər çalışmalıdır ki, övladlarının fiziki ehtiyaclarından çox emosional ehtiyaclarını qarşılasınlar və övladlarını sevgi ilə böyütsünlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB