Bazar ertəsi gecə yerli vaxtla saat 00:01 radələrində Xəzər dənizində olan zəlzələnin 5,5 bal gücündə olduğu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında da öz təsdiqini tapıb. Təbii proses olan və Bakıda, eləcə də Azərbaycanın bir sıra rayonlarında hiss olunan zəlzələ səbəbindən paytaxtın bir çox yerlərində insanların təşviş keçirmələri və onların öz evlərini tərk etmələri əlbəttə ki, başadüşüləndir. Ələxüsus da, bu ilin fevral ayında Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələdən, bu zəlzələnin yaşatdığı həyəcandan sonra paytaxt sakinlərinin öz evlərini tərk edərək açıq yerlərə üz tutmaları da anlaşılandır. Anlaşılmayan isə istər sosial şəbəkələrdə, istərsə də real həyatda ölkənin seysmik vəziyyəti, növbəti zəlzələnin nə zaman və neçə bal gücündə olacağı barədə proqnozların verilməsi, əksər hallarda məlumatsız insanlar arasında müzakirələrin aparılmasıdır. Belə məlum olur ki, zəlzələ barəsində dolğun məlumatlara sahib olmaq zərurəti var və insanlar bu barədə məlumatlanmalı, maariflənməlidirlər.
Diqqət çəkən ən vacib məqam insanlar arasında, daha dəqiq desək, paytaxt sakinləri arasında çaxnaşmanın olmasıdır. Özü də nəzərə almaq lazımdır ki, bu çox təhlükəli bir məqam hesab olunur, çünki burada həmin çaxnaşmanın hansı məqsədlərlə yaradılması da önəmli şərtdir. Nəzərə çatdıraq ki, məhz həmin çaxnaşmanın yaradılmasında bir neçə maraqlı tərəf ola bilər. Məsələn, hadisə baş verən ölkənin ictimai rəyinə infomüdaxilənin edilməsi kimi bir maraq hər zaman öz aktuallığını qoruyur. Eyni zamanda, cəmiyyətdə qorxu hissinin yaradılması və bu fonda da dövlətə inamın itməsinə çalışanların olması da nəzərə alınmalıdır. Təbii ki, diqqət mərkəzinə düşmək, diqqət çəkmək, maraq oyatmaq istəyi ilə nəticəni hesablamadan saxta məlumat tirajlayanlar da az deyil. Bu baxımdan düzgün nəticə çıxarmaq, doğru davranmaq üçün təkcə cəmiyyətdə baş verən yox, elə təbiət hadisələri ilə əlaqədar da ayıq-sayıq və məlumatlı olmaq lazım gəlir. Əks halda, sosial şəbəkələrdə verilən proqnozların, aparılan müzakirələrin kimlərsə təsiri altına düşə bilərlər və bu da çaxnaşmaya səbəb olar. Amma zəlzələnin nə zaman, hansı bal gücündə baş verəcəyini öncədən müəyyənləşdirməyin, təyin etməyin mümkünsüzlüyünü bilən vətəndaşlar heç vaxt belə əsassız proqnozlara, mənasız müzakirələrə məhəl qoymazlar.
Elm, bilik, məlumat insana xidmət edir və cəmiyyətin qorxusuz, həyəcandan, çaxnaşmadan uzaq və rahat yaşaması üçün əvəzsizdir. Bu baxımdan ölkəmizdə seysmik vəziyyətin necə olduğu, zəlzələnin necə baş verdiyi barədə bilgiyə sahib olmaq olduqca vacibdir. Zəlzələlərin necə baş verdiyini təsəvvür etmək, bilmək üçün isə ilk növbədə onun səbəbi barədə məlumatlı olmaq gərəkir. Məhz elə bu mənada da məlumat üçün diqqətə çatdıraq ki, yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər, yəni plitələr mövcuddur və mütəxəssislərin fikrincə, məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri zaman qırılmalar olur, hansı ki, bu səbəbdən də zəlzələ baş verir. Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir və ölkəmizin ərazisində tektonik hadisələrin, təkanların olması mümkün haldır, lakin öncədən onun vaxtının, amplitudunun hesablanması, bununla bağlı öncədən proqnozların verilməsi mümkünsüzdür.
Qeyd etmək lazımdır ki, əslində hər gün zəlzələ baş verir, lakin məsələ burasındadır ki, onlardan çoxu kiçik təkanlar olduğu üçün heç hiss edilmir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da zəlzələ məhz tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Sözsüz ki, həmin tektonik plitə və blokların hərəkəti ilə yanaşı antropoloji amillər də, daha dəqiq desək, insanların fəaliyyəti də, məsələn, neft-qaz yataqlarının dərin işlənməsi, neft quyularının qazılması, eləcə də qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi də zəlzələ riskləri yaradır. Ölkəmizdə ən böyük potensiala malik zəlzələ ocaqlarının hansı ərazilər olmasını, Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona olduğunu bilmək də vacibdir. Bu baxımdan diqqətə çatdırmaq yerinə düşərdi ki, Böyük Qafqaz dağlarının cənub yamacı, yəni Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala zonası, Kiçik Qafqaz dağlarının şimal yamacı, yəni Qarabağ, Mingəçevir, Gəncə, Şəmkir zonası, Talış dağları ərazisi, Quba-Xaçmaz bölgəsi, Xəzər dənizi potensial zəlzələ ocaqları kimi səciyyələndirilir.
Seysmik aktivliyə nəzarət olunması və ümumiyyətlə, zəlzələ barədə öncədən proqnoz verməyin mümkün olub-olmaması hələ də insanları düşündürür. İlk növbədə diqqətə çatdırmaq yerinə düşərdi ki, texnologiyanın inkişafına baxmayaraq, hələlik tektonik plitə və blokların hərəkətinə tam nəzarət etmək qətiyyən mümkün deyil. Doğrudur, GPS stansiyalar vasitəsi ilə tektonik plitə və blokların hərəkət istiqamətini və illər boyu yaratdığı dəyişikləri müşahidə edərək, riskli əraziləri müəyyənləşdirmək mümkündür və ölkəmizdə hazırda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası var. Lakin bu o demək deyil ki, zəlzələnin nə vaxt baş verəcəyi, hansı bal gücündə, hansı amplitudada olacağı barədə məlumat vermək mümkündür. Bütün bunların fonunda da öncə qeyd etdiyimiz kimi, hansısa bir sosial şəbəkə istifadəçisinin zəlzələnin dəqiq saatı və dəqiqəsi, eləcə də hansı amplitudada, neçə bal gücündə olacağı barədə proqnoz verməsi sözsüz ki, olduqca gülünc görünür. Sadalanan məlumatlara sahib olan insanların isə həmin proqnozlara əhəmiyyət verməyəcəyi də bəllidir və bu səbəbdən qeyd etdik ki, zəlzələ barəsində dolğun məlumata sahib olmaq zərurəti var və ancaq bu barədə məlumatlılıq məhz öncə qeyd etdiyimiz həmin o çaxnaşma təhlükəsinin olmasının qarşısını ala bilər.
Bir daha təkrarən qeyd edirik ki, müasir texnologiya blokların hərəkətini, seysmik aktivliyi, qırılma xətlərini tədqiq etməyə imkan versə də, hələlik zəlzələnin baş verəcəyi tarixi və zəlzələnin hansı bal gücündə olacağını əvvəlcədən müəyyən etmək qətiyyən mümkün deyil. Maraqlıdır, bəs tarixini və gücünü bilmədiyimiz zəlzələyə biz necə hazırlaşmalıyıq? Zəlzələ barədə bilmədiyimiz daha nələr var? İlk növbədə onu bilməliyik ki, zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları var və bunlar nəzərə alınmalıdır. Məsələn, tikinti prosesində mühəndis işləri kimi struktur yanaşma ilə yanaşı, maarifləndirmə məsələlərində qeyri-struktur həll variantı da nəzərdən qaçmamalıdır. Struktur yanaşmasına misal olaraq, yeni inşa edilən binalar arasında məsafənin saxlanılması, tikinti ərazisinin düzgün seçilməsi, hazır binalarda mənzil sahəsinin qanunsuz artırılmaması göstərilə bilər. Bütün bunlar nəzərə alındığı təqdirdə, struktur yanaşmasına məhəl qoyulduğu, əməl edildiyi halda zəlzələnin mənfi təsirlərini azaltmaq, hətta minimuma endirmək mümkündür.
Onu da təəssüflə diqqətə çatdıraq ki, bir çox bina və ictimai iyaişə obyektlərinin infrastruktur quruluşunda da çatışmamazlıqla qarşılaşmalı oluruq. Məsələn pilləkənlərdə əlillər üçün pandusun qoyulmaması heç də nəzərdən qaçacaq məqam deyil və çox ciddi bir çatışmazlıqdır. Məhz əlillər üçün nəzərdə tutulan həmin o pandusun olmaması zəlzələ zamanı çevik evakuasiyanı ləngidən səbəblərdən sayılır. Zəlzələ zamanı insanlarn evakuasiyasının nə dəqəcə vacib olduğu isə zənnimizcə heç kim üçün müəmmalı olmaz. Çünki tektonik hərəkətlər səbəbindən titrəməkdə və aşmaq, dağılmaq təhlükəsi altında olan binaların sakinlərinin evakuasiyanın nə qədər çevik həyata keçirilməsinin vacibliyini dərk etmək böyük bir ağıl sahibi olmaq tələb etmir.
Xüsusilə diqqətə atdırmaq lazımdır ki, qeyri-struktur məsələləri də nəzərdən yayınmamalıdır. Zəlzələ baş verdiyi zaman necə davranmaq lazım olduğu barədə istər məktəblərdə, təhsil ocaqlarında, istərsə də iş yerlərində insanlara nəzəri biliklər verilməlidir. Zəlzələ ilə bağlı praktiki həyəcan məşqlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, ələlxüsus insanların zəlzələ zamanı davranış vərdişlərinə öyrədilməsi deməkdir. Məsələn, zəlzələ baş verdiyi zaman panikaya düşməmək, mənzilin hansı hissəsində daldalanmaq, yaxud evakuasiya mümkün olduğu təqdirdə hansı üsullara üstünlük vermək barədə məlumatlı olmaq çox vacib məsələdir. Əks halda, yəni məlumatsızlıq təbii proses olan zəlzələnin təbii fəlakətə çevrilməsinə gətirib çıxarır. Belə məlumatsızlıqdan isə həm düşünülmüş, həm də düşünülmədən istifadə edənlər də olur və əfsus ki, bu hal vəziyyəti bir qədər də qəlizləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB