Yanğın təhlükəsizliyinə kim cavabdehdir? - VƏKİL AÇIQLADI

Yanğın təhlükəsizliyinə kim cavabdehdir? - VƏKİL AÇIQLADI

“Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar”. Bu sözləri SİA-ya açıqalamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir: “İnsanların yanğın barədə xəbərdar edilməsi üçün texniki vasitələrin tələb olunmadığı hallarda, obyekt rəhbərləri onların xəbərdar edilməsi ardıcıllığını müəyyən etməli və buna cavabdeh şəxslər təyin etməlidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsinə əsasən, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə