Siyəzəndə şəhidin adını daşıyan məscidin açılışı olub

Siyəzən rayonunun Məşrif kəndində Vətən müharibəsi şəhidi Elməddin Məhərrəmovun adını daşıyan məscidin açılışı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Ordusunun 44 gün ərzində yazdığı şanlı tarixdən bəhs edilib, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyi, onların göstərdikləri şücaətin gələcək nəsillərə örnək olaraq çatdırılacağı qeyd olunub.

Tədbirdə şəhid Elməddin Məhərrəmovun şərəfli döyüş və həyat yolu barədə məlumat verilib. Bildirilib ki, Elməddin Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Vətən müharibəsi Elməddinin hərbi xidmət dövrünə təsadüf edib. Elməddin Məhərrəmov Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 5-də Cəbrayılda aparılan hərbi əməliyyatların birində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə