"Satışda olan qarpızlar artıq bir-birinə oxşayır" - MÜTƏXƏSSİS İRAD BİLDİRDİ

"Satışda olan qarpızlar artıq bir-birinə oxşayır" - MÜTƏXƏSSİS İRAD BİLDİRDİ

“Mövsümündə, yəni vaxtında yetişməyən meyvələrə tez-tez rast gəlinir. Bu da hibrid toxumların yayılması nəticəsində baş verir. Hibrid toxumlar artıq baş alıb gedir və bütün dünyada milli və ənənəvi toxumlar məhv olur. Bu isə heyvandarlıq və toxumçuluğu məhv etmək üçün bir strategiyadır ki, insanlar süni qidalardan asılı qalsınlar”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu, dərman biznesinə xidmət edir: “Məsələn, əvvəllər şəhərdə 2-3 aptekə rast gəlmək olardı, bir apteklə digər aptek arasında 5 km məsafə var idisə, indi 5 km 5 addıma çevrilib. Hər addımbaşı apteklər var. Dərman biznesi çox güclü işləyir və təkcə həblərin yox, pestisidlərin də arxasında durur. Bu isə pestisidlərin bütün dünyaya satışını təmin edir və külli miqdarda gəlir əldə olunur. Bu maddə hibrid toxumlarda istifadə olunur”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, indi satışda olan qarpızlar da artıq bir-birinə oxşayır, standart görünürlər və eyni çəkidədirlər: “Çünki toxumları hibriddir. Artıq ənənəvi toxum yoxdur. Məsələn, deyirlər ki, qarpız Sabirabad qarpızıdır. Sabirabad qarpızı isə ən tez avqust ayında yetişir və sentyabr-oktyabr aylarına qədər davam edir. İndi isə artıq may ayından qarpızlar satışdadır. Burada artıq hibrid toxumlar öz sözünü deyir. Belə meyvə-tərəvəzlərin isə insanlara heç bir faydası yoxdur. İnsanın öz torpağında, öz mövsümündə yetişən meyvələri daha faydalı olur, nəinki kənardan gələn hibrid toxumlardan yetişən meyvələr. Belə meyvələr adi su və boş karbohidrat mənbəyidir. Buna görə də düşünürəm ki, az da olsa ənənəvi toxumlardan yetişən məhsullara üstünlük verilsin. Artıq şəhərdə orqanik meyvə-tərəvəzlər azdır. Kəndliyə isə şərait yaradılmır və onlar torpaq, su, gübrə, texnika problemləri ilə qarşılaşırlar. Ona görə də vəziyyət bu hala gəlib çıxıb. Bununla da biznesmenlər məşğul olur. Hibrid toxumları əkirlər, insanlara satırlar və nəticədə, xərçəng, şəkərli diabet, qan təzyiqi, ürək-qan sisteminin pozulması və s kimi xəstəliklər artır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə