Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bundan əvvəl isə bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu. Ümumilikdə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır. Bəs görək paytaxt sakinləri karantin müddətinin uzadılması ilə bağlı nə düşünür. SİA mövzu ilə bağlı şəhərdə sorğu keçirib.
Paytaxt sakini Zibeyir Səfərov: “Mən hər zaman dövlətimizi və Prezidentimizi dəstəkləyirəm. Ölkə başçısı İlham Əliyev nə qərar qəbul edirsə, biz onunla razıyıq. Koronavirus azalsa, hətta yox olsa belə, karantinin bitməsinə mane olan başqa məsələlər var və cənab Prezident bunu bizdən də yaxşı bilir. Karantinin uzadılması məsləhət görülübsə, deməli, doğru olan budur”.
Paytaxt sakini Dilarə Əkbərova: “Doğrudur, bizim üçün sıxıcı dövr olsa da, yəqin ki, bu karantinin uzadılmasında bilmədiyimiz səbəblər var. Ona görə də normal qarşılayıram. Dövlət özü nəyin doğru olduğunu bilir. Bizim də payımıza, sadəcə, qaydalara riayət etmək düşür”.
Paytaxt sakini Nazim Məmmədov: “Mənim fikrimcə, karantinin uzadılmasına qətiyyən ehtiyac yox idi. Doğrudur, uzadılma səbəbini bilmirəm, amma heç bir əsas olmadığını düşünürəm. Xəstəlik artıq çoxdan bitib. Əksər dövlətlərdə karantin də bitib, sərhədlər də açılıb. Bizdə isə hələ də karantin davam edir. Amma təbii ki, dövlətin işinə qarışa bilmərik. Yəqin ki, belə məsləhətlidir”.
Paytaxt sakini Arzu Seyidzadə: “Karantin müddəti getdikcə daha çox uzadılır. Məncə, artıq karantinə ehtiyac qalmayıb, amma dövlətin qərarıdır. Bəlkə də karantin bitsə, xəstəlik yenidən baş qaldırar. Ona görə də belə tədbirlər görülür”.
Paytaxt sakini Emil Qurbanov: “Düşünürəm ki, karantin boş yerə uzadılır. Onsuzda koronavirus deyə bir şey qalmayıb. Koronadan sonra neçə virus yayıldı və bitdi. Karantinə nə ehtiyac var ki?! Məncə, bu, ölkənin inkişafını da geri salır”.
Paytaxt sakini Nigar Bektaşi: “Əgər belə uyğun görülübsə, bizim başqa nəsə deməyimiz doğru olmaz. Bir vətəndaş kimi həmişə ölkənin qanunlarına tabe olmuşam. Bundan sonra da belə davam edəcək. Karantinin uzadılmasının mənə heç bir mənfi təsiri yoxdur. Ona görə də bununla bağlı bir narazılığım yoxdur. Sadəcə, arzu edirəm ki, yenidən belə bir qərara ehtiyac duyulmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB