Ailədaxili münaqişələr mediada necə paylaşılmalıdır? - EKSPERT DANIŞDI
“Ailədaxili münaqişələr, zorakılıq halları təbii ki, mediada daha çox paylaşılır. Amma bu, necə olmalıdır? İlk növbədə Media haqqında qanunda da var, eyni zamanda, medianın, kütləvi informasiya vasitəsinin özünün də fəaliyyətində nizamlanan peşə-davranış qaydaları, etik kodekslər var. Buna uyğun olaraq bu cür işlər həyata keçirilməlidir. Jurnalistin etik, peşə-davranış qaydalarında da Media haqqında qanunda da bu məsələlərlə bağlı xüsusi məhdudiyyətlər var”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər barədə bütün media işçilərinin məlumatı olmalıdır: “Məsələn, əgər haqqında danışılan ailə məşhur deyilsə onlar haqqında çox geniş məlumatlar yayılmamalıdır. Çünki cəmiyyət üçün məşhur insanlar maraqlıdırsa bu məlumatlar yayılır. Adi insanlarla tanınmayan insanlar arasında müəyyən fərq qoyulmalıdır. Bütün bu hallarda belə adların çəkilməsi, azyaşlı uşaqların adlarının hallandırılması, onlarla bağlı ifadə və məlumatların geniş verilməsi yolverilməzdir və etik çərçivəyə sığmır”.
Ekspert sözlərinə davam edərək bildirib ki, çox təəssüf ki Azərbaycanda bu qaydalara xüsusi riayət olunmur: “Sosial şəbəkələrdə daha çox izləyici toplamaq üçün bu qaydalara əməl olunmur. Lakin bu, bütövlükdə həm bizim qəbul etdiyimiz qaydalara, həm Media Haqqında Qanuna, həm də bizim əxlaqi və mədəni dəyərlərimizə uyğun olmayan məsələlərdir. Media qurumlar da buna riayət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB