Bir insan bu cür vəhşiliyi necə edə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

Bir insan bu cür vəhşiliyi necə edə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Müəyyən adamlar var ki onlar Sumqayıtda, Zaqatalada itləri güllələməklə məşğuldur. Öldürülən itlər hücum edən, xəstə, birkasız itlər deyil. Hamısı sağlam, insanlarla kommunikasiyası yaxşı olan itlərdir". Bu sözləri SİA-ya verdiyi açıqlamada "Canlı Aləmin Mühafizəsi Alyans" İctimai Birliyinin sədr əvəzi Arzu Gülmalıyevaya qeyd edib.

Onun sözlərinə görə, ölən itlərlə yanaşı bir çoxu yaralıdır: "İnsanın içi yaralı itlərə daha çox acıyır. Yaralı iti saxlamaq, sağaltmağa çalışmaq da çox çətindir. Biz artıq həm maddi, həm də mənəvi cəhətdən boğaza yığılmışıq. Uzun müddətdir biz təbliğat aparırıq ki, heyvanlar, itlər qorxulu deyil, onların da canı var. Bu gün heyvana qayğı göstərən, mehriban olan biri sabah cəmiyyətə qarşı da eyni hissləri bəsləyəcək. Lakin bizim cəmiyyətdə heyvanların ölümünü arzulayan, onlara nifrət bəsləyən insanlar var.

Düşünürəm ki, qanunlar daha da sərtləşdirilməlidir. Biz hər gün güllə səsləri eşidirik. Artıq deməyə söz tapmırıq. Bütün insanlar anlamalıdır ki, heyvanlar zibil deyil, onlar da bizim kimi bu dünyanın sakinləridir. Sadəcə onları qısırlaşdırmaq, artımlarına nəzarət etmək lazımdır. Biz əlimizdən gəldiyi qədər itləri sağaltmağa, onlara kömək etməyə çalışırıq, ancaq hər gün nəsə hadisə baş verir. Mənim küçədə yardım etdiyim 25-ə qədər it var idi. Onlar hamısı bir gün içərisində yoxa çıxdı. İtlər əvvəlcə güllələnir, sonra Sumqayıtda "Poliqon" adlanan əraziyə aparılıb yandırılır. Oradan çıxan qoxu həftələrlə az qala bütün şəhərə yayılır. Mən sadəcə bir dəfə ora getdim, maska taxsam da həmin qoxu hələ də burnuma gəlir. Bu vəhşilik deyil, nədir? Mən yaralı itləri görəndə ölən itlərin aqibətinə sevindim. Məni hiddətləndirən bir məsələ də məhz sağlam, təmiz itlərin öldürülməsidir. Bu vicdansızlığın hansı həddidir? Bir insan bu cür vəhşiliyi necə edə bilər?"

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə