Polisin hansı hallarda vətəndaşa zor tətbiq etmək haqqı var? - VƏKİL AYDINLIQ GƏTİRDİ
““Polis haqqında” Azərbaycan Respublikası qanununa əsasən polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ var”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:
“1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda;
3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə”
Turan Abdullazadə sözlərinə belə davam edib: “Bu qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.
Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
İnsana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir.
Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitələr və odlu silahı qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı tətbiq etməməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB