Onlayn dəvətnamələrin dövrümüzdə müsbət və mənfi cəhətləri? - ARAŞDIRMA

Texnologiyanın inkişafı sayəsində çox sürətli həyat yaşayırıq. Bir sözlə, hər şey daha sürətli, asan və praktikdir. Bu inkişaf nəticəsində bir sıra adətlərimiz də müasir və yeni bir forma alıb. Bura toy adətlərinə aid olan onlayn dəvətnamələr daxildir. Belə ki, artıq toyu, nişanı, xınası, hətta elçiliyi olan cütlüklər belə onlayn dəvətnamə hazırlatdırır. Artıq müxtəlif dizaynda olan kağız dəvətnamələrin sayı azalıb. Düzdür, kağız dəvətnamələr tamamilə keçmişdə qalıb da demək olmaz. Çünki müasir dizaynda olan kağız dəvətnamələr də var və dəbdədir. Lakin bir çox cütlük üçün ən münasib və əlverişli variant onlayn dəvətnamədir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bəs, əvvəl necə idi? Təxminən 5 il öncəyə qədər dəvətnamələr hansı formada idi?

Xalqımızın toy kimi gözəl adəti var. Toydan da əvvəl bir çox proseslər olur. Bu proseslərdən ən vacibi toy dəvətnamələrinin paylanmasıdır. Siyahının tutulması, sonra isə siyahıya əsasən dəvətnamələrin yazılıb paylanması prosesin əsas parçasıdır.

Onlayn dəvətnamə nədir?

Onlayn dəvətnamə video formatında hazırlanmış mobil cihazlara uyğun yeni nəsil dəvətnamə növüdür. Bunu ən özəl anlarınızı birlikdə keçirmək istədiyiniz sevdiklərinizə və dostlarınıza "SMS", "WhatsApp", e-poçt vasitəsilə xüsusi olaraq göndərə bilərsiniz.

Evlilikdən nişana, sünnətdən xüsusi şənliklərə və korporativ biznesdən təhsilə qədər bir çox fərqli sahədə dəvətləriniz üçün ənənəvi çap dəvətnamələrindən istifadə etmək əvəzinə yeni nəsil onlayn dəvətnamələrdən istifadə edə bilərsiniz. Bu sayədə sizinlə birlikdə görmək istədiyiniz qonaqları çox fərqli və qeyri-adi şəkildə tədbirinizə dəvət edəcəksiniz.

Onlayn dəvətnamələrdən istifadə sahələri hansılardır?

Nişan, xına gecəsi, toy, ad günü, sünnət kimi bütün özəl günlərinizdə və ya konsertlər, festivallar, teatrlar, emalatxanalar, sərgilərdə fərdiləşdirilə bilən şablonlarla istifadəsi son dərəcə asan olan onlayn dəvətnamə son dövrlərin ən populyar dəvət növlərindən birinə çevrilib.

Bundan əlavə, onlayn dəvətnamələr biznes üçün son dərəcə faydalıdır. Onlayn dəvətnamələr həmçinin korporativ yubileylərdə, yarmarka, açılış, sammit, konqres, yığıncaq kimi bütün işlərdə, seminar, kurs və atelye kimi təlim proqramlarında istifadə olunur. Üstəlik, fərdiləşdirilə bildiyi üçün tədbirin qonaqların gözündə dəyərini artırır.

Onlayn dəvətnamənin üstünlükləri nələrdir?

Çap edilmiş dəvətnamələrlə müqayisədə kağız, çap, göndərmə və çatdırılma kimi xərcləri aradan qaldırır.

. Qısa müddətdə hazırlanaraq vaxta qənaət edir.
. Təbiəti qoruyur.
. Cütlük üçün xüsusi olaraq hazırlandığından qonaqları da xüsusi hiss etdirir.

Xüsusi hallar üçün niyə onlayn dəvətnamədən istifadə etməlisiniz?

Müştərilərinizə, həmkarlarınıza və işçilərinizə xüsusi hadisə mesajları göndərmək üçün bir çox imkanlar var. Unikal onlayn dəvətnamə bunun üçün mükəmməl bir yoldur. Bir tədbir planlaşdırırsınızsa, yeni nəsil onlayn dəvətnamələr qonaqlarınızı cəlb etmək və onları iştirak etməyə təşviq etmək üçün ən yaxşı yoldur.

Onlayn dəvətnamə necə hazırlanır?

Dəvətnamələr arasından sizin üçün hazırlanmış şablonlardan birini seçərək dərhal dəvətinizi yaratmağa başlaya bilərsiniz. Dəvətlər arasında manqal partiləri, ev heyvanları partiləri, toylar, ad günləri, peşəkar tədbirlər kimi ağlınıza gələn hər növ tədbir üçün çoxlu dəvətnamə dizaynları mövcuddur.

Tədbirinizə və üslubunuza uyğun onlayn dəvətnamə dizaynını seçdikdən sonra dəvətnamənizdə daxil etmək istədiyiniz məlumatı, vizualları və musiqiləri redaktorla birlikdə redaktə edə, qonaq siyahınızı saniyələr ərzində sistemə yükləyə bilərsiniz. Ödəniş prosesindən sonra onlayn dəvətnamələr xüsusi olaraq kontaktlarınız üçün yaradılmağa başlayır və istədiyiniz vaxt göndərilir.

Bəs, onlyan dəvətnamələr adət-ənənələrimizin sıradan çıxmasına səbəb olur?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu öz fikirlərini bildirib: "Onlayn dəvətnamələr adət-ənənələrimizin sıradan çıxmasına dəlalət etmir. Texniki imkanlar yaranıbsa, məsələnin mahiyyəti dəvətnamənin necə çatdırılmasında deyil. Əsas odur ki, dəvətnamə bizi məclisə dəvət edir. Dəvətnamə texniki vasitədir, onu poçtalyon da, tanış adam da gətirə bilər. Həmçinin, dəvətnaməni onlayn göndərmək də olar. Burada mən problem görmürəm. Məsələn, mənim üçün dəvətnamənin necə gətirilməsinin fərqi yoxdur. Hətta onlayn dəvətnamə daha rahatdır, dəvətnaməni göndərən şəxsə də zəhmət vermirəm. Bu, əksinə, yaxşı yenilikdir. Çünki fiziki dəvətnamələr bahalı materialdandırsa, bir adam 100 nəfərin dəvətnaməsi üçün çox xərc çəkmək məcburiyyətində qalır. Amma onlayn olaraq heç bir xərc çəkmədən dəvətləri etmək mümkündür. Əsas odur ki, kim tərəfindən haraya dəvət olunduğumu bilirəm. Onun da təmtəraqlı, güllü açıqçalarla və ya məlumat kimi gəlməsinin elə də böyük fərqi yoxdur. Ona görə də onlayn dəvətləri mən əksinə, yaxşı cəhət hesab edirəm. İnsanlar maddi xərc çəkmədən və vaxt itirmədən öz məclislərinə dəvətlər edə bilirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə