Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə – 48 nəfərin köçürülməsi baş tutub. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bəs gəlin görək şəhər sakinləri köç haqqında nə düşünür. SİA mövzu ilə bağlı sorğu keçirib.
Şəhər sakini Ramin Əliyev: "Allah şəhidlərimizə rəhmət etsin. Əgər belə xoş günlərin, sevincli hadisələrin şahidi oluruqsa, onlar sayəsindədir. Əlbəttə ki, istər laçınlı olsun, istərsə də başqa bir bölgədən hər bir azərbaycanlı işğaldan azad olunmuş ərazilərimizdə yaşayışın bərpa olunmasına sevinir. İnşallah digər azad olunmuş bölgələrimizə də köç olar və o yerlərin yenidən dirçəldiyinin şahidi olarıq".
Şəhər sakini Maya Əsgərova: "Bu yaxınlarda ilk dəfə Laçına köç oldu. Bu isə artıq ikinci dəfədir. Bilirsiniz, torpaq orada insan məskunlaşdıqda Vətənə çevrilir. Doğrudur, o torpaqlar uzun illər ermənilərdə olsa da orada həyat yox idi. İndi Laçının da, Şuşanın da, digər azad olunmuş torpaqlarımızın da əsl sahibləri geri dönür. Əminəm ki, hər şey əvvəlkindən də yaxşı olacaq. Biz o torpaqları dirçəldəcəyik".
Şəhər sakini Telman Həsənov: "Torpaqlarımızı geri alanda necə qürur hiss duyurduqsa, indi o torpaqlarda yaşayışın təmin olunmasını da görəndə o cür qürurlanırıq. Getdikcə orada yeni iş yerlərinin, müxtəlif infrastrukturların, əhalinin rifahının daha da yaxşılaşması üçün görülən müxtəlif işlərin şahidi olacağıq. Dövlətimiz bunun üçün əlindən gələni edir".
Şəhər sakini Sevil Rzayeva: “Laçından olan bir vətəndaş kimi öz doğma yurdlarına qayıtmış insanların adına çox sevinirəm. Bu, həm də insanı kövrəldən bir hadisədir. Çünki illərlə öz torpağında, yurd-yuvasından ayrı qalan insanların həsrəti bitir. Bu köç bütün dünyaya o yerlərin Azərbaycana məxsus olduğunu bir daha göstərir. Ermənistan da bunu dərk edib qəbullansa və təxribatlarından əl çəksə çox yaxşı olar. Biz artıq dinclik, sülh və təhlükəsizlik istəyirik”.
Şəhər sakini Emil Mikayılov: “Azərbaycan xalqının başı çox bəlalar çəkib. Çox zülm görmüşük. Nəhayət bizim də üzümüzün güldüyü günlər gəlib çatdı. Çəkdiyimiz əziyyətlərin bəhrəsini görürük deyə bilərik. Laçın bizim gözəl guşələrimizdən biridir. Bizim insanlarımız oranı daha da gözəlləşdirəcək”.
Şəhər sakini Nərgiz Rzayeva: "Sağolsun dövlət başçımız və Azərbaycanın mərd oğulları ki, Qarabağımız geri alındı. Hər birimiz sevinirik. Qismət olsun, digər ərazilərimizə də köç başlasın. Azərbaycan xalqı hər şeyi bacarar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB