"Taksi sürücülərini hədəf götürmək doğru deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Taksi sürücülərini hədəf götürmək doğru deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Hazırda taksi sürücülərini təşkil edən kontingent ən müxtəlif peşə sahiblərindən təşkil olunub. Onların arasında müəllim də, həkim də, əlində heç bir sənəti olmayan işsiz adamlar da var. Mən bunu normal qarşılayıram, əsas odur ki, insanlar halal zəhmətlə, heç kimin cibinə girmədən pul qazanırlar". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: "Mənə elə gəlir ki, taksi sürücülərinin fəaliyyətini məhdudlaşdırmaq, onların meydanını daraltmaq doğru deyil. Çünki minlərlə insan bu sahədən evinə çörək aparır. Əgər xaos, intizamsızlıq varsa, bunu aradan qaldırmaq lazımdır. Bütövlükdə taksi sürücülərini hədəfə götürmək, onların əl-qolunu bağlamaq doğru deyil.

Bəzi insanlar var ki, ali təhsillidir, rəsmi iş yeri var. Amma onlar da işdən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Çox qazanmaq üçün çox işləmək lazımdır. Buna görə kimisə qınamaq səfehlikdir. Əlbəttə, mən arzu edərdim ki, insanlar öz peşələri ilə məşğul olub yaxşı yaşasınlar, sutkanın 12-14 saatını işləməsinlər. Reallıq isə budur ki, işləməliyik. Kim hansı işi bacarırsa, onu da görür. Biz işləyənləri deyil, işləməyib başqalarından pul istəyənləri qınamalıyıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə