Rüşvət alan və verən məsuliyyətə cəlb olunur? - AYDINLIQ GƏTİRİLDİ

Rüşvət alan və verən məsuliyyətə cəlb olunur? - AYDINLIQ GƏTİRİLDİ

“Rüşvət sözü ərəb mənşəli sözdür. Ərəb dilində “reşv” kökündən törəmişdir. Bu kökdən də türk dilinə rüşvət olaraq keçmişdir. Reşv və ya rişvet/reşvet haqsız bir mənfəət əldə etmək üçün verilən haqq ödənilən dəyər və ya mükafat mənasını verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (311 və 312-ci maddələr) passiv və aktiv rüşvətxorluğun anlayışları verilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, aktiv rüşvətxorluq - rüşvət vermə və passiv rüşvətxorluq-rüşvət almadır: “Rüşvət alma iki halda baş verir: vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərinə aid olan hərəkətə (və ya hərəkətsizliyə) görə və qanunsuz hərəkətlərə görə yaxud, rüşvət almaq ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü, yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istək və ya almaq, yaxud bu barədə təklif və ya vədi qəbul etməkdir.

Lakin rüşvət alma formal xarakterli cinayət olduğuna görə rüşvət istənildiyi, alındığı və ya bu təklifin, vədin qəbul edildiyi anda başa çatmış hesab edilir. Yəni, rüşvət müqabilində müəyyən işin görülüb-görülməməsinin, həmin işi görməyə hazırlığın olub-olmamasının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur.

Rüşvət hətta vəzifəli şəxs tərəfindən istənilərkən də cinayət artıq başa çatmış olur. Rüşvəti istəmək dedikdə, vəzifəli şəxsin rüşvət alması arzusunun bildirilməsi nəzərdə tutulur. Bu müxtəlif formalarda (şifahi, yazılı) və ya hər hansı üsulla-telefon, internet, sosial şəbəkə, qısa mesaj, vərəq üzərinə yazma, müəyyən anlaşılan işarələr göstərmə, xəbər göndərmə və s. ola bilər.

Rüşvət alma barədə təklif və ya vədi qəbul etmək isə rüşvət təklif ediləndə vəzifəli şəxsin vədə yazılı, şifahi formada, susmaqla belə razılıq bildirməsi nəzərdə tutulur və bu, cinayət məsuliyyətinə səbəb olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə