İllər sürətlə ötüb keçir, nəsillər bir-birini əvəz edir. Lakin Azərbaycan xalqının Ümummilli liderinə bəslənilən xalq məhəbbəti getdikcə daha da dərinləşir. Çünki o, hələ sağlığında ürəklərdə özünə məhəbbət abidəsi ucaldıb, müstəqil dövlətimizin memarı və qurucusu kimi yaddaşlara köçərək nəsil-nəsil yaşayır. Ulu Öndərin bir şəxsiyyət kimi böyüklüyü ondadır ki, canından artıq sevdiyi Azərbaycanı, mənsub olduğu milləti bütün dünyada tanıtdırdı, titanik fəaliyyəti və uzaqgörən, müdrik siyasəti ilə doğma xalqının qeyrət simvoluna, reallığın, həqiqətin əfsanəsinə çevrildi. O, bir daha sübut etdi ki, hər bir xalqın böyüklüyü sayca azlığı, çoxluğu ilə deyil,yetirdiyi böyük şəxsiyyətləri ilə ölçülür. Bu baxımdan necə deyərlər, Azərbaycan xalqının bəxti gətirib.
Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilə “Heydər Əliyev ili” elan olunması hamımızın ürəyindən xəbər verir. Lakin dahi rəhbər öz möhtəşəm, çoxcəhətli fəaliyyəti ilə bir ilə sığmır, o, bütün zamanlarda hədsiz sevgi ilə xatırlanaraq nəsillərə örnək olan bir şəxsiyyətdir...
Bu fikirlər Lənkəranda tanınmış yazıçı-jurnalist Bəxtiyar Hüseynovun Ulu öndərin 100 illiyinə həsr etdiyi “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının Lənkəranda keçirilən təqdimetmə mərasimində səslənib. Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cənub Regional idarəsinin və Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış Ədliyyə və hüquq-mühafizə orqanlarının işçiləri, yaradıcı ziyalılar, ictimaiyyətin nümayəndələri, şəhid ataları və el ağsaqqalları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Lənkəran şəhər Bölməsinin sədri, tanınmış yazıçı-publisist, Prezudent mükafatçısı Qafar Cəfərli açdı. O, bugünkü tədbiri Ulu öndər Heydər Əliyevin 100 illiyinə mühüm yaradıcılıq töhfəsi kimi dəyərləndirərək bildirdi ki, respublikamızda dahi rəhbərin diqqət yetirmədiyi, qayğı göstərmədiyi elə bir sahə tapmaq çətindir. Elə buna görə də ölkəmizdə hökm sürən bu günkü tərəqqi və inkişafın təməli məhz onun rəhbərliyi dövründə qoyulub. Tanınmış yazıçı-jurnalist Bəxtiyar Hüseynovun yubiley töhfəsi kimi qələmə aldığı “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabı Ulu öndərin diqqət yetirdiyi mühüm sahələrdən biri olan əsrarəngiz Vətən təbiətindən bəhs edir. Kitabda çox haqlı olaraq dahi rəhbərin təbiət sevgisi ön plana çəkilir və bununla əlaqədar müəllif öz publisist düşüncələrini oxucuları ilə bölüşür.
Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçekin təbriki tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Təbrikdə cənab səfir bildirirdi ki, Bəxtiyar Hüseynovun uzun illər dünya şöhrətli çex alimləri ilə ekoloji əməkdaşlığı xalqlar dostluğuna mühüm töhfə verir. Onun “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabını Lənkəranda olarkən alimlərimiz özü ilə Çexiyaya aparıblar. Üzrlü səbəbə görə kitabın təqdimatında iştirak edə bilməsəm də özümü o tədbirdə hesab edirəm... “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabı Lənkəranda Heydər Əliyev parkında Avropa İttifaqının keçirəcəyi kitab sərgisində də nümayiş etdiriləcək...
Respublika Ədliyyə Nazirliyi Cənub Regional Ədliyyə idarəsinin rəisi Ədliyyə müşaviri, Taleh Quliyev öz çıxışına Heydər Əliyevin Azərbaycan Ədliyyəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan başladı. Natiq diqqətə çatdırdı ki, hörmətli nazir Fikrət Məmmədov başda olmaqla bütün Ədliyyə işçiləri yeni Azərbaycanın yaradıcısı olan Ümummilli liderin xatirəsini həmişə ehtiramla yad edir, yubileyi şərəfinə keçirilən bütün tədbirlərə qatılmağı və öz töhfələrini verməyi özünə borc bilirlər. Sevinirik ki, “Heydər Əliyev və Azərbaycan Təbiəti” kitabında Ədliyyə naziri Fikrət Məmmədovun və bir neçə tanınmış Ədliyyə işçisinin də Ulu öndər haqqında ürək sözləri və xatirələri yer alıb. Ulu öndərə bu kitabla mənəvi abidə ucaldan Bəxtiyar Hüseynovun yaradıcılığını diqqətlə izləyirik. O, bütün tədbirlərimizə qatılır, fikirlərini bizimlə bölüşür.
Osakücə kənd sakini, şəhid atası Sübhi Hümmətovun dediklərini həyəcansız dinləmək mümkün olmadı. O, dedi:
- Heydər Əliyev Qarabağ nisgilini öz ürəyində aparsa da vəsiyyəti çin oldu. Onun yaratdığı Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra öz sözünü dedilər. Artıq Qarabağ azaddır. Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımız çoxlu şəhid verdi, lakin çoxdan gözlənilən böyük qələbə qazanıldı. Bu qələbədə Lənkəran 63 şəhid verdi. Bunun da 17 nəfəri təkcə Osakücə kəndinin payına düşür. Onların arasında oğlum Mehdi də var. O, Şuşanın və bir çox digər rayonların azad edilməsində iştirak edib. Təbii ki, bir ata kimi oğul itkisi mənim üçün çox ağırdır. Lakin övladımla qürur duyuram, çünki o vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlib. Təki Vətən sağ olsun! Bu gün Ulu öndərin də ruhu şaddır. Axı, onun çox sevdiyi və azərbaycanlı olmağı ilə qürur duyduğu Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Eyni zamanda Ulu öndər Azərbaycan təbiətinin mühafizəsinə, təbii sərvətlərin qorunmasına və artırılmasına öz dövlət fəaliyyətinin tərkib hissəsi kimi baxırdı. Kitablarını dönə-dönə oxuduğum yazıçı-jurnalist, həmkəndlim Bəxtiyar Hüseynovun növbəti kitabı da Ulu öndərin təbiət sevgisindən bəhs edir və bu sevgi haqlı olaraq gənc nəslə bir örnək kimi göstərilir...
Qızılağac Milli Parkının direktoru Aqil Sucayev qeyd etdi ki, “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının müəllifi Bəxtiyar Hüseynov ixtisasca ekoloqdur. Təsadüfi deyil ki, kitablarının əksəriyyətini məhz ekoloji mövzuya həsr edib. Növbəti kitabını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə yaradıcılıq töhfəsi kimi qələmə alıb. Kitabda müəllif Ulu öndərin Vətən, xalq qarşısında tarixi xidmətlərini sadalamaqla bərabər Azərbaycan təbiətinə bağlılığı, ekoloji siyasəti ilə əlaqədar təkcə öz şəxsi düşüncələrini deyil, ayrı-ayrı sahələrdə çalışan tanınmış adamların fikirlərini də ortaya qoyub. Göstərir ki, Ulu öndər üçün Vətən təbiətdən başlanırdı. Axı, hazırda dünya ekoloq- alimlərinin diqqət mərkəzində olan təbiətimizin bioloji müxtəlifliyi, nadir ağac və bitki örtüyü baxımından heç yerdə bənzəri yoxdur. Vaxtilə qədim Hirkan meşələri hazırda direktoru olduğum Qızılağac Milli Parkının tərkibinə salınmışdı. Ulu öndərin göstərişi ilə Hirkan meşələri ayrıca qoruq elan edildi və onun ərazisi genişləndirildi. Aralarında ciddi fərq vardı. Əgər qədim Hirkan meşələri nadir ağac və bitkilərin məskənidirsə, Qızılağac parkı isə bənzərsiz quşlar, heyvanlar üçün əlverişli məkan sayılır. Sevindiricidir ki, Heydər Əliyevin ekoloji siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İndi qədim Hirkan meşələri daha qoruq deyil, hazırda park statusunu daşıyır...
Gənc sahibkar xeyriyyəçi, tanınmış ziyalı Şaiq Həsənov dedi: - Mən bu tədbirə qatılmazdan əvvəl yazıçı – publisist Bəxtiyar Hüseynovun “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”, “Təbiətin qızıl tacı”, “Qarabağın təbiəti və ekologiyası”, “Dəniz ömrü yaşayıram” və s. kitablarını oxumuşam. Bu kitablarda da Ulu öndər Azərbaycan təbiətinin hamisi və vurğunu kimi ehtiramla yad olunur. İndi isə onun “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının tamamilədahi rəhbərə həsr olunması təbiidir. Çünki Heydər Əliyev təbii sərvətlərimizin mühafizəsinə xüsusi önəm verirdi. Sevinirəm ki, müəllifin Ulu öndərə hədsiz sevginin ifadəsi olan bu kitabda mənim də fikirlərim yer alıb. Düşünürəm ki, indiki dövrdə sahibkarlıq üçün hər cür şərait yaradılsa da, sahibkarların məsuliyyəti də bir o qədər çoxalıb. Axı, təbiət bütün sərvətlərini bizə bəxş edirsə, biz də ona nankor çıxmamalıyıq. Bu baxımdan “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabında önə çəkilən Ulu öndərin təbiət sevgisi mühüm əhəmiyyət kəsb edir.
- Mənim bir çox məsul vəzifələrdə işləməyim məhz Heydər Əliyevin Respublikaya rəhbərliyi dövrünə təsadüf edir, - deyə Lənkəran rayonundakı Osakücə kənd sakini, el ağsaqqalı, təqaüddə olan dövlət qulluqçusu Ələkbər Əbdülov çıxışına belə başladı. O, dedi ki, Ulu öndərin kadr seçimində xüsusi səriştəsi vardı. Məhz bu səviyyəli kadr potensialının yüksək təşkilatçılığı ilə Azərbaycan keçmiş SSRİ məkanında sıçrayışlı tərəqqi və inkişaf dövrünə qədəm qoydu. Yadımdadır, Lənkəranda Xanbulançay dəryaçası məhz onun təşəbbüsü, tapşırığı ilə tikildi və açılışında da şəxsən özü iştirak etdi.
Xanbulançay dəryaçasının istifadəyə verilməsi Lənkəranda kənd təsərrüfatının, o cümlədən tərəvəzçiliyin, çayçılığın inkişafına böyük təkan verdi. Təsadüfi deyildi ki, Lənkəran o vaxt nəinki respublikada, keçmiş SSRİ məkanında Ümumittifaq tərəvəz bostanı kimi şöhrət qazandı. Çayçılıq ölkə iqtisadiyyatında ən rentabelli sahəyə çevrildi. İşlədiyim dövrdə bir çox respublika tədbirlərində Heydər Əliyevlə görüşmək mənə də qismət olub. İndi yazıçı – publisist Bəxtiyar Hüseynovun “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabı məni ötən əsrin 70-ci illərinə, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə apardı və Ulu öndərlə bağlı xatirələr yadıma düşdü. Elə bilirəm ki, bu kitab Ümummilli liderimizin 100 illik yubileyinə ən layiqli töhfədir...
Yaradıcı ziyalılardan Ağamir Cavad, Salman Məmmədoğlu və Xudaverdi Cavad ümumən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Bəxtiyar Hüseynovun əsasən bədii yaradıcılığına qısa nəzər salaraq onun ekoloji mövzuda qələmə aldığı şeirlərindən danışdılar. Qeyd etdilər ki, “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabında publisistik yazılarla bərabər müəllifin təbiət poeziyasından nümunələr, o cümlədən “Üzün gülsün, Qarabağ” poeması da verilib.
Sonra Ulu Öndərin təbiət sevgisinə həsr olunan poetik nümunələrdən bir neçəsi onların ifasında tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Sonda kitabın müəllifi Bəxtiyar Hüseynov çıxış edərək öncə ürəklərində müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə sonsuz sevgi bəsləyən və bunu öz çıxışlarında dilə gətirən tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Sonra yeni yaradıcılıq planları haqqında məlumat verən müəllif qeyd etdi ki, Heydər Əliyev reallığın, həqiqətin, gerçəkliyin əfsanəsi kimi bütün zamanların əvəzedilməz şəxsiyyəti, qüdrətli zəka sahibidir. Onun haqqında nə qədər yazılsa da, yenə azdır. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, öz Ulu öndərini də nəsil-nəsil yaşadacaq və haqqında yeni-yeni kitablar yazılacaq. “Heydər Əliyev və Azərbaycan təbiəti” nə gəldikdə isə, deməliyəm ki, bu kitab sonsuz məhəbbət bəslədiyim və istər publisist, istərsə də bədii yaradıcılığımda dönə-dönə xatırladığım böyük rəhbərə bir yazıçı-ekoloqun kiçik, yaradıcılıq töhfəsidir... Fürsətdən istifadə edərək mənə mənəvi dəstək olan Ədliyyə Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə öz minnətdarlığımı bildirirəm.
Ulu öndərin 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının təqdimat mərasimi xatirə şəkilləri ilə yaddaşlara köçdü.
Xudaverdi Cavadov,
şair-publisist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB